Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.02.2019

“Mənzillərin, obyektlərin ünvanı yeni qaydada olacaq” – MÜSAHİBƏ

 

Bu ilin oktyabrında Daxili İşlər Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlayacaq. Bu zaman vətəndaşların ünvanları Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) hazırladığı yeni elektron Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında qeyd ediləcək. Həmin tarixə qədər yeni sistemin qurulmasının tam başa çatdırılması planlaşdırılır. Bəs indi işlər nə yerdədi? Yeni ünvanların veriıməsində hansı yeniliklər əldə edilib? Bu və digər suallarımızı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (DƏKÜRX) Ünvan reyestri şöbəsinin müdiri Rəna Vəliyeva cavablandırıb:

  • Rəna xanım, bilirik ki, ünvanların verilməsi sistemi dəyişir. Bu istiqamətdə görülən işlər nə yerdədi? 
  • “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli 590 nömrəli Fərmanına əsasən həmin ildən yeni qaydalara uyğun olaraq ünvan təyinetmə işlərinə başlanılıb. Bu işlərin görülməsi iki mərhələdə nəzərdə tutulmuşdur. İlk mərhələdə respublika üzrə şəhər və rayon mərkəzlərində, qəsəbələrdə yeni qaydalarla ünvan təyinetmə işlərinin görülməsi nəzərdə tutulmuşdu və bu işin 53 faizi görülüb yekunlaşmışdır. İkinci mərhələdə isə kənd inzibati ərazi vahidləri üzrə yeni qaydalarla ünvan təyinetmə işlərinin görülməsi nəzərdə tutulub.

 

  • Yeni elektron ünvan sistemi necə qurulur?  
  • Ünvan Reyestri İnformasiya Sistemi mərkəzləşdirilmiş ünvan məlumat bazasının elektron idarə edilməsini təmin edən avtomatlaşdırılmış informasiya sistemidir. Burada daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, ünvan məlumatlarının dəyişdirilməsi, saxlanılması, ləğv edilməsi və axtarışı, həmçinin Ünvan Reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə bu məlumatlardan səlahiyyətləri çərçivəsində istifadəsi mümkündür. Sistemin yaradılması, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilir. ÜRİS-in strukturu, onun idarə olunmasının təşkili qaydaları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

Ünvan Reyestrinin məlumat bazasının idarə edilməsini, digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək məq­sədi ilə Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarix­li 18 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasında Ünvan Reyestri­nin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə» təsdiq edilmişdir. Əsasnamədə ÜRİS-in strukturu və prinsipləri, funk­siyaları və fəaliyyətinin təşkili kimi məsələlər öz hüquqi həllini tapır.

Çoxsaylı ünvan istifadəçilərinin ünvan məlumatları ilə davamlı tə­minatını təşkil etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabi­netinin 24 dekabr 2012-ci il tarixli 318 nömrəli Qərarı ilə «Ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi» müəyyən edilmişdir.

Göründüyü kimi, ölkəmizdə dünya standartlarına cavab verə biləcək ünvan reyestri informasiya sisteminin yaradılması və  onun fəaliyyətinin təmini üçün zəruri hüquqi-normativ sənədlər qəbul edilmişdir.

 

  • Yeni yaradılan elektron sistem kimlər üçün açıqdır?
  • ÜRİS-ə inteqrasiya olunacaq dövlət orqanlarının informasiya sistemlərinin dairəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəy­yən edilir.

ÜRİS açıqdır və ÜRİS-də saxlanılan məlumatlar maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında kağız və ya elektron formada 2 (iki) iş günü ərzində ona verilir.

 

  • Yeni ünvanlar necə verilir? 
  • Yeni ünvanvermə qaydalarına görə, ün­van obyekti kimi daşınmaz əmlak obyektinin özü yox, onun girişləri nəzərdə tutulur. Bu girişlər isə təyinatına uyğun olaraq 2 növə bölünür:

 1) daşınmaz əmlak obyektinin (binanın, torpaq sahəsinin) gi­rişi;

 2) binadaxili obyektin - vahidin girişi (məs., hündürmərtəbəli çoxmənzilli binada mənzilin girişi).

Giriş ünvanı bina və ya torpaq sahəsinin girişlərinə verilir. Bir neçə girişi olan bir bina və ya torpaq sahəsi obyektinə bir və ya bir neçə giriş ünvanı verilə bilər. Vahidin ünvanı binadaxili ünvan obyektlərinin ünvanıdır. Vahidin ünvanı yalnız bir giriş ünvanı ilə bağlı ola bilər.

Azərbaycanda yeni qaydalara uyğun aparı­lan ünvan işində iki növ ünvan nömrələrindən istifadə edilir: sərbəst ünvan nömrəsi və birləşmiş ünvan nömrəsi. Sərbəst ünvan nömrəsi yalnız natural ədəddən ibarət olan ünvan nömrəsidir: 1, 2,... 110, 111 və s. Birləşmiş ünvan nömrəsi isə rəqəmə əlavə edilmiş hərfi də özündə cəmləşdirən ünvan nömrəsidir: 1A, 2B, 95C, 128M və s. Birləşmiş nömrələr ünvan məkanını, ünvanvermə imkanlarını genişləndirmək məqsədi ilə tətbiq edilir.

 

  • Bəs ünvanvermə işləri hansı səviyyələrdə aparılır?
  • Ünvanvermə işləri əsasən 2 səviyyədə aparılır:

1.Sistematik (kütləvi) ün­vanvermə işi;  

2.Sporadik (fərdi) müraciətlər əsasında aparılan ünvan­vermə işi.

Sistematik ünvanvermə işinin istehsalat prosesi aşağıdakı mərhə­lələrdən ibarətdir:

  • Hazırlıq işləri;
  • Çöl işləri;
  • Kameral işlər;
  • Ünvan lövhə­lərinin istehsalına dair sifarişin verilməsi ilə bağlı hazırlıq işləri;
  • Ünvan lövhələrinin istehsalı üçün sifarişin verilməsi;
  • Lövhələrin qəbulu və quraşdırılması ilə bağlı işlər;
  • Lövhələrin quraşdırılma­sı işindən sonrakı kameral işlər.

Sporadik ünvanvermə işinin icra mərhə­lələri aşağıdakılardır:

  • Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçi­si (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasın­da onu təmsil edən şəxsin ərizəsinin qəbulu;
  • ÜRİS-ə daxil olmaqla kameral şəraitdə ünvantəyinetmə işini icra et­mək mümkündürsə, ünvan nömrəsinin təyini;
  • Çöl müayinə işlərinə zərurət yarandığı təqdirdə: a)kameral şəraitdə çöl ünvantəyinetmə işlərinin aparılması üçün hazırlıq işləri (plan- kartoqrafik materialların hazırlanması);b)yerdə (naturada) ünvan nömrəsinin təyini;
  • Kameral şəraitdə ünvan məlumatlarının ÜRİS-ə işlənməsi;
  • Sifarişçinin yeni təyin edilmiş ünvan barəsində məlumatlandırılma­sı (kağız və ya elektron formada);
  • Ünvan lövhəsinin hazırlanması və quraşdırılması.

 

  • Adsız küçələrlə bağlı nə işlər görülür? 
  • Respublika üzrə şəhər və rayon mərkəzləri, qəsəbələr, kəndlər də daxil olmaqla Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən təyin edilmiş 25 mindən artıq küçə və prospektin müvafiq icra hakimiyyəti orqanları tərəfindən adlandırılmasına nail olmuşuq. Bəzi dağlıq kənd inzibati ərazi vahidlərinin relyefi, onların coğrafi yerləşməsi yeni ünvanvermə tələblərinə cavab vermədiyindən nəqliyyat infrastrukturu obyektlərinin formalaşdırılması işləri hələlik həyata keçirilməmişdir və bu istiqamətdə görülməsi nəzərdə tutulur.

 

  • Ünvan lövhələrinin quraşdırılması işləri necə gedir? 

Ünvan lövhələri, informasiya lövhələri, park informasiya lövhələri, küçə istiqamətləri qurğuları birlikdə ünvan avadanlıqlarını təşkil edir. Ünvan reyestrinə daxil edilən və ünvanın rekvizitləri hesab edilən küçə və prospektlərin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələr Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Komitə tərəfindən elan edilmiş tenderdə qalib olmuş şirkət tərəfindən hazırlanır və daşınmaz əmlak obyektlərində quraşdırılır. Bu günə kimi Bakı şəhəri üzrə 340, Gəncə şəhəri üzrə 30, Mingəçevir şəhəri üzrə 6 küçə və prospektdə ünvan lövhələri quraşdırılıb. Bundan əlavə, Bakı və Gəncə şəhərlərində bir sıra informasiya və park informasiya lövhələri, küçə istiqamətləri qurğuları quraşdırılıb. Gələcəkdə ünvan lövhələrinin quraşdırılması işlərinin respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə davam etdirilməsi nəzərdə tutulur. 

  • Küçələrdə neçə növ löhvələrdən istifadə edilir?
  • Ünvan lövhələrinin 4 növü vardır:

1.Giriş nömrə nişanları – diametri 200 mm olan dairəvi formada lövhələrdir.

2.Qarışıq nömrə nişanları – NİO-nun adı və ünvan nömrəsi göstərilən lövhələrdir.

3.İnterval nömrə nişanları – NİO-nun adı və giriş nömrələrinin intervalını göstərən lövhələrdir.

4.İstiqamət nömrə nişanları – NİO-nun adı və NİO-nun istiqaməti göstərilən lövhələrdir.

Bunlardan başqa, informasiya lövhələri, park informasiya lövhələri, küçə istiqamətləri qurğuları da ünvan avadanlıqlarına aiddir.