Ən yeni xəbərlər
147 nəfər oxuyub

Aznav naviqasiya sistemi

09.02.2019

Əmlak Komitəsi yeni iş prinsiplərini - AÇIQLAYIB

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Komitə sədri Kərəm Həsənov qurumun qarşısındakı hədəfləri açıqlayaraq bildirib ki, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndiriləcək, özəlləşdirmə tam elektronlaşacaq. 

Torpaqlara peyk nəzarəti və mobil laboratoriyalar

Bundan başqa torpaqların elektron uçotu sistemi yaradılacaq və torpaqdan səmərəli istifadə üçün Peyk nəzarət sistemi qurulacaq. Peyk Nəzarət Sistemi vasitəsilə torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, tədbirlər görmək mümkün olacaq.

Torpaqların keyfiyyətinin və münbitliyinin ölçülməsi üçün isə komitə mobil torpaq laboratoriya xidmətinə başlayıb. Birbaşa yerlərdə xidmət göstərən bu laboratoriyalar kəndli və fermerlərə ciddi fayda verməyə başlayıb. 

1 günə çıxarış

Əmlakın qeydiyatın sahəsində isə ən byöük yenilik elektron çıxarışarın tətbiqi və çıxarışların 1 iş günü müddətində verilməsi olub. Hazırda əmlakın qeydiyyatı prosesi ilə bağlı müraciətlər bir, üç və yeddi iş günü müddətində icra olunur. Elektron çıxarışın tətbiqi isə qeydiyyat prosesinin tam avtomatlaşmasına imkan verib. Bu sahədə xidmətə nəzarət üçün “əks zəng” xidməti və sosial sorğular da işə düşüb. Bu layihələr vasitəsilə vətəndaşlar da qeydiyyat prosesi ilə bağlı təkliflərini verə bilərlər. 

Özəlləşdirmədə «elektron inqilab»

Amma ƏMDK-nin fəaliyyətində ən mühüm və sürətli yeniliklər  özəlləşdirmə sahəsində baş verir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Komitə dövlət əmlakının özəlləşdirilməsi prosesində mütəmadi yeniliklər tətbiq etməkdədir. Bir qədər əvvəl işə düşən elektron hərraclar Azərbaycanın özəlləşmə prosesi tarixində yeni mərhələnin başlanğıcı oldu. «Elektron hərrac»ın işə düşməsi ilə əhali və investorlar üçün zaman və məkan anlayışları aradan qalxıb, maksimum şəffaflıq yaranıb. Artıq istənilən şəxs, hətta evdən çıxmadan hərraca qatılıb əmlak ala bilər. Hərraca qatılmayanlar isə bu prosesi internetlə izləyə bilər. Yenicə tətbiqinə baxmayaraq əhali onlayn hərraclara böyük maraq göstərir. 

Xarici investorlarla danışıqlar

Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə Komitə ABŞ, Fransa, Rusiya, Ukrayna, Çin, Türkiyə, İngiltərə, Hindistan, İran, Küveyt və BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirib, onlara özəlləşdirməyə çıxarılan müəssisələr haqqında məlumat verib. Yerli iş adamlarının da prosesə cəlbi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq edilir. 

Daha 10 iri müəssisə özəlləşəcək

Bu ilin ilk üç ayında keçirilən 52 hərracda 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və avtomobillər özəlləşib. Bu dövrdə “Sumqayıt Superfosfat” və “Muğansutikinti” ASC kimi müəssisələr də investisiya müsabiqəsilə özəlləşib, onlara 65 milyon manat yatırılacaq. Qarşıda daha 10 sənaye, səhiyyə, xidmət, turizm müəssisəsi investisiya müsabiqələri ilə özəlləşdiriləcək. Onlar haqqında məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib. 

Torpaqlara nəzarət artır

Müşavirədə bildirilib ki, birinci rübdə torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaqların əsassız zəbt olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 141 hal üzrə inzibati protokollar tərtib edilib. Ümumilikdə indiyədək, 2472 inzibati protokol tətbiq edilib, Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsi ilə bağlı pozuntulara görə 46 hal üzrə inzibati tənbeh tədbirləri görülüb.

Torpaqların icarəsinə müsbət rəy

Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi barədə 116 müraciət üzrə 18 min hektar torpaq sahəsinin icarəyə verilməsinə müsbət rəy verilib. 2584 hektar bələdiyyə torpaqlarından 1603 hektarı müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib. 

Yeni tapşırıqlar verilib

Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində operativ fəaliyyət göstərilməlidir. Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.