Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.02.2019

2 dəfə bahalaşdırdı - REPORTAJ 

 

Sahibkarlığın inkişafına yol açan dövlət əmlaklarının özəlləşdirilməsi prosesi davam edir. Mayın 29-da Əmlak Məsələləri Dövlət Komitəsi 79 əmlakın hərracını keçirib. Onlardan biri dəyərindən 2 dəfədən çox baha qiymətə özəlləşdirilib. 

Hərraca çıxarılan əmlaklardan 28-i səhmdar cəmiyyəti, 15-i istifadəsiz qalan qeyri-yaşayış sahəsi,  35-i avtomobil, 1-i isə kiçik müəssisə olub. Hərracda satılan əmlaklardan 3-ü paytaxtın payına düşüb. Onlardan birinə 5 sifariş, digərinə isə 3 sifariş verilib. Beləliklə, hərrac yüksək rəqabət şəraitində keçib.

Hərrac başlamazdan öncə Hərrac Komissiyasının rəhbəri iştirakçıları qaydalarla tanış edib. Bildirib ki,  əmlakın ilkin satış qiyməti elan edildikdən sonra iştirakçılar bilet nömrəsini qaldıraraq qiymətə öz münasibətlərini bildirməlidirlər. Rəqabətli formada keçən hərracda qiymət artımı əmlakın ilkin satış dəyərinin 1%-dən az olmamalıdır. 

Ən yüksək qiymət təklif edən şəxs hərracın qalibi seçilir. Rəqabətdə geri qalan və qalib olmayan şəxs hərrac bitdikdən sonra ödədiyi behi geri ala bilər. Hərracda satılmayan əmlaklar isə yenidən satıcının sərəncamına qaytarılır. 

Beləliklə, ilk olaraq qeyri-yaşayış sahələri hərraca çıxarılıb. Bakının Nərimanov rayonu Qarabağ küçəsi 39-da yerləşən 3 mərtəbəli binanın zirzəmisinin bir hissəsi satışa çıxarılıb. Sahəsi 63 kvadratmetr olan obyektin ilkin satış qiyməti 7 500 manat elan edilib. Bu əmlakı almaq üçün  5 nəfər sifariş versə də onlardan yalnız biri bu qiymətə razılığını bildirib. 4 saylı biletin sahibi elə həmin qiymətlə qalib elan edilib. 

Səbail rayonundakı qeyri-yaşayış sahələrindən biri də sahibini tapıb. Rayonun Əliyarbəyov küçəsi 6 ünvanındakı 2 və 3 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin ilkin satış qiyməti 12 500 manat elan edilib. Qeyd edək ki, bu əmlakın sahəsi 63,2 kvadratmetrdir. 9 saylı biletin sahibi həmin qeyri-yaşayış sahəsinin  hərracında qalib olub. 

Qaradağ rayonunda yerləşən 60 saylı mağazanın (avtokomission) hərracı isə rəqabətli keçib. Qobustan qəsəbəsi, Salyan şössesi, 57-çi km. 22 ünvanında yerləşən obyektin sahəsi 511 kvadratmetrdir. Mağaza 23 500 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb.

Onu almaq üçün 3 nəfər müraciət edib. Rəqabət nəticəsində əmlakın qiyməti 2 dəfədən artıq qaldırılıb. Nəticədə sifarişçilərdən biri – 2 saylı biletin sahibi təklif etdiyi 48 750 manatla qalib gəlib.        

Mayın 29-da paytaxtla yanaşı Sumqayıtda da əmlak hərracı keçirilib. Burada  ilk dəfə hərraca çıxarılan əmlaklardan biri  öz sahibini tapıb. Şəhərin Nizami küçəsi 163 ünvanında yerləşən 1 mərtəbəli ayrıca tikili 6 min manata özəlləşdirilib. Obyektin sahəsi 14 kvadratmetrdir. 

Qaydalara görə, hərracda qalib olan şəxslər 10 gün ərzində alqı-satqı müqaviləsi bağlamalıdırlar. Əks halda, həmin əmlak onlardan geri alınacaq və ödədikləri beh geri qaytarılmayacaq. Eyni zamanda qaliblər 30 bank günü ərzində aldıqları əmlakların ödənişini etməlidirlər. Əgər bu müddətdə ödəniş edilməsə, alqı-satqı müqaviləsi ləğv edilir, əmlak geri alınır, beh isə geri qaytarılmır.