Ən yeni xəbərlər
147 nəfər oxuyub

Aznav naviqasiya sistemi

26.01.2019

Pambığın qiyməti bahalaşır – ZAVODUN GÜCÜ ARTIRILIB

Azərbaycanda istehsal müəssisələrinin investisiya müsabiqələri ilə özəlləşdirilməsi prioritet hesab edilir. Çünki bu zaman potensial iddiaçılar konkret investisiya proqramları və biznes-planlarla çıxış edirlər. Dövlət orqanlarının nümayəndələri də həmin təklifləri birlikdə dəyərləndirərək qərar verirlər.

Eyni zamanda investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilən müəssisələr, əsasən, ölkə iqtisadiyyatı üçün  prioritet sayılan sahələri əhatə edir. Hazırda kənd təsərrüfatı, turizm, sənaye və maşınqayırma sahələrində özəlləşdirilən bir sıra müəssisələrdə investisiya qoyuluşları uğurla davam etdirilir.

Onlardan biri də “Ağdaş-Pambıq” ASC-dir. "Ağdaş Pambıq" ASC-nin nizamnamə kapitalı 2 149 280 manat, buraxılmış səhmlərin sayı 1 074 640 səhmdir. 

Şirkətin  səhmlərinin 30%-lik hissəsini  2015-ci ildə Türkiyə investisiyalı “Novanord Agroprom” MMC şirkəti alıb. “Ağdaş-Pambıq” ASC-nin rəhbəri Neşet Özcan “Daşınmaz əmlak”a açıqlamasında bildirib ki, ötən müddətdə zavodun inkişaf etdirilməsinə 1 miyon manatdan artıq investisiya yatırılıb. Proses bu gün də davam etdirilir. Həmin vəsaitlərin bir hissəsi  şirkətin ərazisindəki binaların abadlıq işlərinə, yeni avadanlıqların alınmasına sərf edilib:

“Zavodu işə salmaq üçün pambıq emalında istifadə edilən  əsas sistem maşınları gətirildi. Bu, gündəlik pambıq qəbulunun həcmini artıqmağa imkan verir. İndi burada gündəlik 1000 ton pambıq qəbul etmək mümkündür. Fermerlər nə qədər verərlərsə, biz hamısını qəbul edəcəyik”.

Qeyd edək ki, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirildikdən sonra “Novanord Agroprom” MMC şirkəti zavodun inzibati binasnı, pambığın kompleks emalı sexini və pambıq presləmə sexini təmir edib. Pambığın kompleks emalı sexinə Türkiyədən ümumi dəyəri 510 min 953 manat (311 min 500 ABŞ dolları) məbləğində emal avadanlığı alınıb quraşdırılıb. Eyni zamanda tərəzi otağı təmir edilib, bir ədəd yeni tərəzi alınıb.

Bundan əlavə, müəssisənin əsas yola baxan hasarı və dəmir darvazaları müasir üslubda təmir edilərək üzlük daşla örtülüb, gözətçi otağı və yardımçı otaq tam təmir edilib, içərisinə kondisioner quraşdırılıb və televizor qoyulub. Zavodun ərazisi də abadlaşdırılıb, infrastruktur təminatı təkmilləşdirilib və tam mühafizəsi təmin olunub. 

İnvestisiya qoyuluşundan sonra “Ağdaş-Pambıq” ASC-də 20 nəfərə yaxın vətəndaş üçün yeni iş yeri yaradılıb. Eyni zamanda investor “İnvestisiya təşviqi sənədi”ni əldə etdikdən sonra bir sıra vergi və gömrük güzəştlərindən faydalanıb. 

N.Özcanın sözlərinə görə, indi zavod sentyabrda pambıq mövsümünün başlanmasına hazırlaşır: “Əsas işimiz yığılan pambığı fermerlərdən qəbul etmək olacaq. Ötən il pambığın 1 tonu 550 manata qəbul edilib. Bu il də qiymətlərin 550-600 manat arasında olacağını proqnoz edirik. Ancaq onlar da başqa zavodlarla müqavilə bağladıqları üçün pambığı bizə verməyəcəkləri gözləniləndir”.

Şirkət rəhbəri bildirib ki, müəssisə hazırda pambıq əkməyə yararlı olan torpaq əldə etməyə çalışır: «Bununla bağlı hökumətin müfaviq strukturları ilə danışıqlar aparılır. Bu gün bizim 1000 hektar ərazidə pambıq əkib becərmək imkanımız vardır. Əgər torpaq verilsə, əkinə başlayarıq».

Şirkət rəhbəri bildirir ki, Ağdaşda İcra Hakimiyyəti zavod üçün ərazi ayırıb, amma orada yararlı torpaq olmayıb: «Xeyli vəsait xərcləyib ərazini təmizlədik, ancaq cəmi 80 hektara yaxın yer əldə edə bildik. O da pambıq əkini üçün yararsızdır. Həm də yaxınlıqda su xətləri yoxdur. Belə torpaqda pambıq əkmək 5 dəfə baha başa gələcək».

Zavod hələlik ancaq pambıq emalı ilə məşğul olacaq. Emal edilən məhsulları isə xaricə satmaq planlaşdırılır. Pambıq dünya bazarına çıxarılarkən günün qiymətləri ilə satılacaq. Əldə edilən vəsaitlər isə Azərbaycana qayıdacaq.

Yeri gəlmişkən, 2018-ci ilin aprel ayında pambıq Azərbaycandan xaricə ixrac üçün ən çox sifariş daxil olan mallar arasında olub. Təkcə apreldə ölkədən xaricə 7 milyon dollarlıq pambıq lifi ixrac edilib. 

Yanvar-ayprel aylarında isə pambıq ipliyinin ixracı ötən ilin eyni dövrünə nisbətən 37,4%  artaraq 20,2 milyon dollara çatıb. Ötən illə müqayisədə pambıq lifinin dünya bazarında qiyməti də artıb. Belə ki, ötən ilin aprelində pambıq lifinin bir tonu 1920 dollara satılırdısa, bu il həmin qiymət 2030 dollara yüksəlib. 

N.Özcan gələcək planlarından da danışıb: “Gələcəkdə Azərbaycanda iplik fabriki də aça bilərik. Bunun üçün potensial mövcuddur. Özümüz pambıq əkə bilsək, həmin fabriki də xammalla təmin edə bilərik”.

Onu da deyək  ki, “Ağdaş-Pambıq” ASC-nin investisiya proqramına uyğun olaraq ilkin mərhələdə 400 hektar ərazidə pambıq əkilməsi, gələcəkdə isə pambıq əkininin 10 min hektar sahəni əhatə etməsi planlaşdırılır. Pambıq əkilmiş sahələrə yeni texnologiyaların tətbiqi sayəsində hər hektara düşən məhsuldarlığın 35-40 sentnerə çatdırılması nəzərdə tutulur.

Əldə olunan məhsulun 50%-dən çiyid, 37%-dən mahlıc, 13%-dən isə ciddi iqtisadi əhəmiyyəti olmayan saman alınması gözlənilir. İstehsal olunan məhsulun bir hissəsinin daxili bazarda satılması, bir hissəsinin isə Türkiyəyə və digər xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, “Ağdaş-Pambıq” ASC 2015-ci ilin dekabrında keçirilən investisiya müsabiqəsində özəlləşdirilib. Bu zaman şirkətin səhmlərin 322 711 ədədi (30,03%)  645 422 manata satılıb. Müqaviləyə əsasən, dövlət büdcəsinə 120 min manat ödəniş edilib. Müqavilə üzrə nəzərdə tutulan investisiyaların məbləği isə 650 min manat olub. 

Son olaraq qeyd edək ki, 2018-ci ilin aprelində dünya bazarında pambığın 1 tonunun qiyməti 1620 dollara yüksəlib. Ötən ilin müfaviq dövründə isə bu qiymət  1570 dollar olub. 

Dövlət Gömrük Komitəsinin hesabatına görə,  bu ilin ilk 4 ayında Azərbaycan pambıq lifi və iplik satışından 27,2 milyon dollar qazanıb. Xaricə 7 milyon dollarlıq pambıq iplik, 20,2 milyon dollar dəyərində pambıq lifi ixrac edilib. Gəlirlər təkcə  pambıq ixracının həcminin artması ilə deyil, həm də qiymətlərin bahalaşmasına görə artıb.

Başqa sözlə, həm ölkədə sahibkarlar və pambıq istehsalçılarına yaradılan şərait, həm də dünya bazarındakı konyuktura pambıq istehsalçıları üçün olduqca əlverişlidir. Bu sahənin təmsilçiləri yaranmış vəziyyətdən maksimum istifadə edə bilərlər.