Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

28.03.2018

İnvestorlar dövlət əmlakına axışır – QİYMƏT 7 DƏFƏ ARTDI

Azərbaycanda keçirilən özəlləşdirmə hərraclarında maraqlı nəticə qeydə alınıb. Martın 27-də hərraca çıxarılan obyektə tələbat elə böyük olub ki, obyekt ilkin qiymətindən 7 dəfə baha satılıb. Hərçənd, son vaxtlar özəlləşdirməyə marağın artmasını nəzərə alanda belə hallar gözlənilən idi.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə keçirilən hərraclar investorların və kiçik sahibkarların diqqətini çoxdan cəlb edib, Prosesin şəffaf keçirilməsi, bura hətta internet vasitəsilə qoşulmaq imkanı yaradılması nəticəsində hərraclar sərfəli qiymətə əmlak almaq variantına çevrilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) martın 27-də keçirdiyi növbəti hərracda rekord göstərici qeydə alınıb. Bu dəfə hərracda 40 əmlak özəlləşdirilib.
Hərracların Təşkili üzrə Auksion Mərkəzinin təşkil etdiyi əmlak hərracları bir qayda olaraq ƏMDK-nin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti) keçirilir. Özəlləşdiriləcək əmlaklar barədə məlumat verən komissiya sədri bildirib ki, ümumilikdə 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib. Təkcə 8 əmlak üzrə 18 sifariş verilib. Sifarişlərdən 7-si isə elektron qaydada daxil olub.
Qeyd edək ki, artıq xeyli müddətdir ki, əmlak hərracları onlayın qaydada yayımlanır və vətəndaşlar internet üzərindən öz sifarişlərini verir, hərracda canlı olaraq iştirak edirlər. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Budəfəki hərraca iki investor onlayn qoşularaq iştirak edib.

Hərraca hansı əmlaklar çıxarılmışdı?
Xatırladaq ki, martın 27-də baş tutan hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 7-i kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsi olub.

“Bərdə mexanikləşdirilmiş Dəstə” yeni səhmdar tapdı
İlk olaraq səhmdar cəmiyyətlərin hərracı keçirilib. Nizamnamə kapitalı 8274 manat olan “Bərdə mexanikləşdirilmiş Dəstə” ASC-nin səhmlərinin 44,7%-i hərraca çıxarılıb. Onların ilkin satış qiyməti 1 827.25 manat elan edilib. ASC-nin səhmlərini almaq üçün 1 sifariş verilib. Hərracda başqa iştirakçı olmadığından həmin iştirakçı qalib elan edilib. “Bərdə mexanikləşdirilmiş Dəstə”nin səhmlərinin yeni sahibi Sərxan Cavadovla söhbətdən bəlli olub ki, müəssisədə maşınlar üçün ehtiyat hissələri istehsal edilir. Yeni səhmdarın işə qoşulması ilə ASC-yə əlavə investisiya ediləcək və burada istehsalın həcmi artırılacaq. S.Cavadov hərracın şəffaf və kənar müdaxilə olmadan keçirilməsindən razı qalıb: «Hərraca qoşularkən və sonrakı proseslərdə heç bir maneə ilə üzləşmədik, proses şəffaf idi»-deyə o vurğulayıb.

Qiyməti 7 dəfə artan obyekt
Hərraclarda investorların paytaxtda və regionlardakı qeyri-yaşayış sahələrinə və kiçik dövlət obyektlərinə marağı qat-qat artıb. Sifarişlərin çoxu da məhz belə əmlakların payına düşüb. Nəticədə Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiymətindən 7,5 dəfə baha satılıb.
Yasamal rayonu 556/57-ci məhəllə, C.Əliyev küçəsi, bina Q ünvanındakı 4 mərtəbəli binanın zirzəmisinin bir hissəsi (sahəsi 36,2 kv.metr) 20 min manata satışa çıxarılmışdı. Onu almaq üçün 4 nəfər iştirakçı hərraca qoşulub. Onlardan biri onlayn qaydada iştirak edib. Qeyd edək ki, hərracda rəqabət zamanı daha yüksək qiymət təklif edən vətəndaşlara üstünlük verilir. Hərrac iştirakçılarının almaq istədikləri əmlak üçün təklif etdikləri qiymət əlavəsi ilkin satış qiymətinin 1%-dən az olmamalıdır. Hərracda adıçəkilən obyektin ilkin satış qiyməti elan ediləndən sonra ilk olaraq 12 saylı biletin sahibi 22 200 manat, 10 saylı iştirakçı isə 20 400 manat təklif edib. Digər rəqiblər isə qiyməti 21 000 və 22 min manata qaldırıblar. Qiymət artdıqca rəqiblərin sayı azalıb. Sonda 2 iştirakçı həmin əmlakı almaq üşün mübarizə aparıb. Nəticədə qiymət 150 min manatadək qalxıb. Son olaraq başqa qiymət səsləndirilməyib və bu qiyməti təklif edən 23 saylı biletin sahibi qalib elan edilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Nəsimi rayonunda, Hacıqabul, Tovuz, Masallı. Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir.
Nəsimi rayonu R.Səfərov küçəsi, 35C, Qapı 1 ünvanındakı 13 saylı mağazanı almaq üçün 1 nəfər iştirakçı hərraca qatılıb. Mağazanın sahəsi 43,6 kv.metr, ilkin satış qiyməti 15 min manat olub. Digər iddiaçı olmadığından 14 saylı iştirakçı həmin qiymətlə obyekti almağa nail olub.
Həmin ünvanda yerləşən sahəsi 14,7 kv.metr olan 5 saylı şüşə qəbulu məntəqəsini də eyni şəxs alıb. Onun ilkin satış qiyməti 5 min manat elan edilib. Rəqabət olmadığından obyekt həmin qiymətə satılıb.
Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 67 saylı mağazanın hərracı isə sifarişçilərin gəlməməsi səbəbindən baş tutmayıb.
Bundan başqa Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır. Qeyd edək ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.
Bundan başqa hərracda Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında yerləşən 12 qeyri-yaşayış sahəsi öz sahibini tapıb. Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 9-u isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar.
Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Hərraca qatılaraq bu obyekti yüksək qiymətə alan investor Əsgər Hətəmov bildirib ki, özəlləşdirdiyi obyketi indiyədək icarəyə götürüb istifadə edirmiş: «Biz indiyədək həmin obyekti icarəyə görürüb internet klub kimi işlətmişik. Yaxşı yerdədir, universitetin yaxınlığında yerləşir. Ona görə də, bu xidmətə tələbat çoxdur. Biz də özəlləşdirib öz işimizi davam etdirməyə qərar verdik».
İş adamı rəqabətli keçən hərracdan da razı qaldığını vurğulayıb: «Hərrac şəffaf keçdi. Onlayn iştirakçılar da qatılmışdı. Qiymətlərin artırılması da şəffaf qaydada aparıldı. Bu qiymət bazara uyğundur. Düşünürəm ki, onu almaqla zərərə uğramadıq».
Hərrac barədə məlumatların əldə olunmasına gəlincə, Ə.Hətəmov elanı internetdən gördüklərini deyib. Onun sözlərinə görə, hazırda istifadə edilən dövlət əmlakları özəlləşdirilmək üçün hərraca çıxarılarkən icarəçilərə bu barədə məlumat verilir. Ona görə də müxtəlif mənbələrdən məlumat əldə ediblər və istifadə etdikləri sahəni almağa qərarlaşıblar: «Bu qiymətə başqa yerdən də obyekt almaq olardı. Ancaq buranı uzun müddətdir özüm istifadə edirəm deyə almağa qərar verdim».
Xətai rayonu N.Tusi küçəsi 28-də yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsini isə (sahəsi 42,9 kv.metr) Rauf Əzizov özəlləşdirə bilib. Obyekti tikiş sexi kimi istifadə etmək barədə düşünür, ancaq qərarı qəti deyil.
Hərrac barədə Komitənn saytından məlumat aldığını deyən R.Əzizov prosesin şəffaf qaydada keçdiyini, nəticədən razı qaldığını vurğulayıb. Obyektin qiymətinin də bazardakı tendensiyalara uyğun olduğunu qeyd edib. Təmir və avadanlıqlara isə investisiya yatıracaqlar.
Nərimanov rayonu F.Yusifov 37 ünvanındakı 4 mərtəbəli binanın zirzəmisinin bir hissəsini (43,6 kv.metr) alan Ehsan Məmmədli isə hərrac barədə məlumatı “Mülkiyyət” qəzetindən əldə etdiyini deyib. Hərracdan razı qaldığını bildirib:
“Qeyri-yaşayış sahəsi olduğu üçün həmin obyekti ticarət üçün istifadə edəcəyik. Hərracdakı qiymətlər də münasibdi. Ona görə də hərraca qoşuldum və təşkilat işlərindən çox razıyam. Hər şey şəffaf qaydada aparılır”.
Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən sənaye, turizm, səhiyyə, xidmət, tikinti sahələrinə aid olan müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir. Bu isə belə müəssisələrin səmərəli fəaliyyət göstərməsi və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Budəfəki hərracda regionlardakı 5 kiçik müəssisə və obyekt özəlləşdirilib.
Eyni zamanda hərraca çıxarılan 11 maşın da sahibini tapıb. Onlardan biri isə 18 min manata satılan “KATO NK 750US L” markalı xidmət texnikasıdır. Onu alan Rauf Sadıqov bizimlə söhbətində bildirib ki, texnikanı tikinti sahələrində istifadə edəcək.