Ən yeni xəbərlər
177 nəfər oxuyub

Aznav naviqasiya sistemi

27.03.2018

“Torpağın keyfiyyətini bizdən soruşun” - MÜSAHİBƏ

Azərbaycandakı fermer rəhbərləri və iş adamları torpaqlarla bağlı planlar qurmazdan əvvəl onun keyfiyyətini öyrənməlidirlər. Əks halda bu planlar reallaşmaya bilər. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) müvafiq xidmətləri vasitəsilə torpaqlar haqqında bütün məlumatları almaq mümkündür. Verilən suallara Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (DƏKÜRX) tabeliyində olan Torpaq Kadastrı şöbəsinin müdiri Sahib Ömərov cavab verir.

 

- Sahib müəllim, əvvəlcə kadastr şöbəsinin fəaliyyəti ilə tanış olaq – şöbəniz hansı işləri yerinə yetirir?

 - ƏMDK-nin torpaqlarla bağlı fəaliyyəti əsasən iki istiqamətdə aparılır. Bunlardan biri torpaqların elektron uçotu (kəmiyyət göstəriciləri), digəri isə torpaqların keyfiyyət göstəricilərinin öyrənilməsidir. Şöbəmizin fəaliyyəti respublikamızın sərhədləri daxilində yayılmış torpaqların morfogenetik diaqnostikasının, onlarda münbitlik və keyfiyyət göstəricilərinin tədqiqi ilə bağlı məlumatların toplanılması və xəritə üzərinə inteqrasiyası ilə bağlıdır. Bu məqsədlə tərəfimizdən ölkənin 34 rayonun ərazisində irimiqyaslı çöl-torpaq və 40 rayonun ərazisində çöl-geobotaniki tədqiqat işləri aparılıb.

 

- Torpaqlarda tədqiqat işləri necə aparılır?

- Tədqiqat işləri müvafiq rayonlara ezam olunmuş mütəxəssislərimiz tərəfindən aparılır. Çöl-torpaq tədqiqatı zamanı torpaq sahələrindən götürülmüş torpaq nümunələri laboratoriya şəraitində analiz edilir və əldə edilmiş nəticələrə əsasən həmin torpaqlar üzrə bütün rayonların inzibati ərazi dairələrinin torpaq və şorlaşma xəritələri müasir texnologiyalar vasitəsilə tərtib edilir. Xəritələrin tərtibatı zamanı torpaqların münbitliyi, morfoloji xüsusiyyətləri, yayılma arealları, bir çox fiziki-kimyəvi xassələri, eroziyaya uğraması, şorakətləşməsi və şorlaşması ilə bağlı bütün məlumatlar elektron qaydada atributlara emal edilir.

 

- Torpaqların hansı keyfiyyət göstəriciləri öyrənilir?

- Çöl-torpaq tədqiqatı zamanı əldə olunmuş torpaq nümunələrində torpağın nəmliyi, onun tərkibindəki humusun (faydalı çürüntülərin) miqdarı, azot, qranulometrik tərkib, karbonatlıq, pH (torpağın mühiti) göstəricisi, müxtəlif duzların miqdarı və digər xassələr öyrənilir. Bu analizlər torpaqların vəziyyəti barədə nəticə çıxarmağa imkan verir. Məsələn, torpağın tərkibində natrium, kalsiumun miqdarı çox olduqda, bu, torpağın şorlakətləşməyə meylli olduğunu və prosesin başlandığını göstərir. Bu halda torpaqda əkilən bitkilər inkişafdan qalır, onların məhsuldarlığı azalır. Vaxtında aparılan analizlər bu problemin vaxtında aşkar olunmasına və həllinə imkan verir. Digər tərəfdən, torpağın tərkibindəki ayrı-ayrı maddələrin çoxluğu burada hansı bitkilərin daha yaxşı yetişəcəyini göstərir. Məsələn, karbonatların çoxluq təşkil etdiyi torpaqların üzümçülük məqsədilə istifadə edilməsi daha məqsədə uyğundur.

 

- Yəni bu araşdırmalardan sonra aydın olur ki, bu torpaqda hansı bitkini becərmək daha məqsədə uyundur?

- Bəli, elədir. Apardığımız tədqiqatların əsas məqsədi torpaqların vəziyyəti və burada gedən prosesləri izləyərək, onların əkinə yararlı olub-olmadığının müəyyənləşdirilməsi, bu torpaqlardan daha səmərəli istifadə olunması üçün torpaq sahiblərinin tövsiyyə xarakterli məlumatlandırılmasından ibarətdir.

 

- Bir məsələni də dəqiqləşdirək. Çöl-torpaq tədqiqatı ilə çöl-geobotaniki tədqiqat işlərinin fərqi nədir?

- Çöl-torpaq tədqiqatı zamanı torpaqların xüsusiyətləri və burada baş verən proseslər araşdırılır. Çöl-geobotaniki tədqiqat işləri isə torpaq sahələrində yayılan yem bitkilərinin növləri və formasiyaları, onların məhsuldarlığı, qidalılığı, həmçinin örüş sahələrinin yükü və tutumu öyrənilir. Bir sözlə biz həm əkin sahələrinin, həm də otlaqların münbitliyini öyrənirik.

 

- İndiyədək 34 rayonda torpaq-tədqiqatı işlərinin başa çatdığını qeyd etdiz. Bu məlumatlardan istifadə etmək mümkündür?

- Bəli, indiyədək 34 rayonda çöl-torpaq tədqiqatı işləri başa çatmış və 31 rayon üzrə bütün məlumatlar müəyyən edilıb. Bu rayonlardan ikisi - Cəlilabad və Ağsu rayonları üzrə göstəricilər artıq torpaqların Elektron Uçot Sisteminə daxil edilmiş, digər rayonlar üzrə məlumatların isə yaxın vaxtlarda sistemə daxil ediləcəyi nəzərdə tutulur. 3 rayon üzrə laborator şəraitində analiz işləri başa çatmaqdadır.

 

- Tədqiqatların başa çatdığı ərazilərdəki torpaq sahibləri bu göstəriciləri necə əldə edə bilərlər? Yoxsa, bunun üçün yenidən analizlər aparılmalıdır?

- Xeyr, əlavə tədqiqat aparmağa və yeni analizlərə ehtiyac yoxdur. İndiyədək tədqiqat aparılan rayonlar üzrə bizdə bütün göstəricilər var. Həmin ərazidəki torpaq sahibləri və ya buradan torpaq almaq istəyənlər bizə müraciət edərək, məlumatları ödənişli əsaslarla ala bilərlər. Bunun üçün sadəcə torpaq sahəsinin koordinatlarını vermək kifayətdir.

 

- Bəs tədqiqat aparılmayan rayonlardakı torpaqların sahibləri öz torpaqlarının keyfiyyət göstəriciləri barədə məlumatları haradan ala bilərlər?

- Tədqiqat aparılmayan rayonlarda torpaq sahibləri bizim təşkilata yazılı müraciət edir və bu müraciətin əsasında biz onlara torpaq tədqiqat işlərinin aparılması istiqamətində ödənişli əsaslarla xidmət göstəririk. 2017-ci il ərzində bir neçə rayondan bizə belə müraciətlər daxil olmuşdur. Bizə müraciət edildikdən sonra, müəssisəmizin iqtisadçıları tərəfindən layihə-smeta sənədləri hazırlanır torpaq sahiblərinə təqdim edilir. Qarşılıqlı razılıq əldə edildikdən sonra tədqiqat işlərinə başlanılır. Mütəxəssislərimiz və ya səyyar mobil laboratoriyalarımız həmin ərazilərə ezam edilərək, torpaq nümunələri götürülür. Götürülmüş torpaq nümunələri yerində analiz edilərək, onların münbitliyi müəyyən edilir. Analizlərin nəticələri əsasında, həmin ərazi üçün torpaqların xəritəsi və keyfiyyət göstəriciləri haqqında bütün məlumatlar toplanılır və torpaq sahibinə təqdim edilir.

 

- İndiyədək edilmiş müraciətlər əsasında hansı rayonlarda araşdırmalar aparılıb?

- Məsələn, Salyan rayonunda qış otlaqlarında 1000 hektar torpaq sahəsində, Xəzər rayonu Dübəndi bələdiyyəsi ərazisində 100 hektar ərazidə, Saatlı rayonunun qış otlaqlarında, Zaqatala rayonunun 16 hektar ərazisində, Ağsu rayonunun Aşağı Daşdəmirbəyli bələdiyyəsinin 1,6 hektar ərazisində tədqiqatlar aparılıb və tərəfimizdən fermer təsərrüfatlarının sahiblərinə həmin torpaqların keyfiyyət göstəriciləri barədə məlumatlar verilib. Hətta, 2018-ci ilin yanvar və fevral aylarında daxil olmuş müraciətlərə əsasən, Biləsuvar rayonunun 110 hektarlıq torpaq sahəsində tədqiqat işləri başa çatdırılmış və torpaq sahibinə lazımi məlumatlar verilib.

 

- Məsələn, bu araşdırmanın nəticəsi necə oldu? Torpaq sahəsi istifadə üçün yararlı idimi?

- Torpaq sahibi burada qoz və gilas ağacları əkmək istəyirdi. Amma tədqiqatın nəticələri göstərdi ki, torpaq sahəsinin münbitliyi və digər göstəricilər həmin bitkilərin əkilməsi üçün yararlı deyil. Məsələ bundadır ki, məhsuldarlığın yuxarı olması üçün qoz və gilas ağaclarının kökləri torpağın 2 metrdən çox dərinliyinədək uzanmalıdır. Amma məlum oldu ki, həmin torpaqda 2 metr dərinlikdə qrunt suları axır. Qrunt sularının mövcudluğu torpaqların şorlaşmasına səbəb olduğuna görə, bu ağacların inkişaf etməyəcəkdir. Torpağın 2 metr dərinliyində isə qoz ağacından 100% məhsuldarlıq əldə etmək mümkün deyil. Bu barədə torpaq sahibi məlumatlandırıldı və ona bildirildi ki, bu vəziyyətdə onun sərmayəsi bata bilər.

 

- Yəni siz torpaq sahiblərinə təkcə analizin nəticələrini deyil, həm də tövsiyələr verirsiniz?

- Bəli, tövsiyələrlə yanaşı, problem varsa, onun  həlli yollarını da göstəririk. Məsələn, bir qədər əvvəl torpaq sahiblərindən biri müraciət edərək, həyətyanı torpağının araşdırılmasını istəmişdi. Məlum oldu ki, onun torpağında natrium duzunun miqdarı 9%-dən artıqdır. Biz ona izah etdik ki, bu göstərici əkilən bitkilərin məhsuldarlığına mənfi təsir göstərəcəkdir. Ona görə də, bu torpağa gəc vermək lazımdır, yəni torpaqda natriumun miqdarını dəyişmək lazımdır ki, istifadəyə yararlı vəziyyətə gətirilsin.

 

- Torpağı almazdan əvvəl onu analiz etdirmək olarmı?

- Əlbəttə, hər hansı ərazidən torpaq almaq istəyən fermerlər əvvəlcə bizə müaciət edərək, onun xüsusiyyətlərini, nə qədər münbit olub-olmadığını əvvəlcədən öyrənə bilərlər. Məsələn, bu yaxınlarda Şamaxı rayonunun Mədrəsə kəndində 15 hektar torpaq sahəsi almaq istəyən sahibkar bizə müraciət etdi. Onlara bildirdik ki, burada taxıl əkilməyi nəzərdə tutulubsa, torpaqda pH-ın göstəricisi, üzüm əkiləcəksə torpağın karbonatlığı, qoz ağacı əkiləcəksə, torpaq qatının dərinliyi öyrənilməlidir. Sahibkarla birlikdə görüşə gələn türk mütəxəssisləri, bizdə belə müasir xidmətin olduğuna təəccübləndilər və həmin torpaqda tədqiqat işlərinin aparilması üçün müəssisəmizə müraiət etdilər.

 

- Tədqiqat işlərinin aparılması nə qədər vaxt çəkir?

- Əvvəldə qeyd etdiyim kimi, torpaq sahibinin müraciətindən sonra layihə-smeta sənədləri hazırlanır, burada hansı işlərin aparılacağı və işlərin hansı məbləğə başa gələcəyi göstərilir. Torpaq sahibi ilə razılıq əldə edildikdən sonar tədqiqat işlərinə başlanılır. Torpaqlardan nümunələr götürülür, analizlər edilir, onların nəticələri barədə məlumatlar torpaq sahibinə verilir. Bəzi göstəricilər dərhal hazır olur və torpaq sahibinə yerindəcə məlumat verilir. Bəzi göstəricilər isə laboratoriyada analiz edildikdən sonra məlum olur. Ümumilikdə, bütün araşdırma cəmi bir həftə vaxt aparır. Ola bilər ki, torpaq sahəsi çox böyük, məsələn min hektar olsun, belə olan halda daha çox sayda torpaq nümunələri götürülür və işlər 15-20 gün davam edə bilər. Amma, əksər hallarda 7 günə nəticələri təqdim edirik.

 

- Torpaq tədqiqatları üçün xidmət haqları nə qədərdir?

- Bu qiymətlər Tarif Şurası tərəfindən artıq müəyyən edilıb və ƏMDK-nin rəsmi internet portalına daxil olaraq bu məlumatlarla tanış olmaq mümkündür. Göstərdiyimiz xidmətlərin qiymətləri baha deyil, məs., hal-hazırda İsmayıllı rayonunun bələdiyyələrinin birində 1,6 hektar torpaq sahəsində tədqiqat işlərinin aparılması üçün müqavilə bağlamışıq. Buna görə ödəniləcək məbləğ 565 manat təşkil edir. Göründüyü kimi, torpaq sahibi üçün olduqca sərfəlidir.

 

- Sahib müəllim, torpağın ümumi münbitliyi qiymətləndiriləndə, torpaq sahibinə hansı bitkilərin əkilməsinin daha sərfəli olması ilə bağlı məlumatlar da verilirmi?

- Bəli, bu barədə bütün məlumatlar verilir. Torpaq sahibi bizə müraciət edə bilər ki, onun torpağında hansı bitkinin daha yaxşı bitəcəyini araşdırılsın. Araşdırmanın nəticəsi olaraq ona bildirilir ki, hansı bitkinin bu torpaqda əkilməsi sərfəlidir və ya əksinə. Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim şöbə tərəfindən Azərbaycan ərazisində yayılmış bütün torpaqlar üzrə əkilən əsas bitkilərin siyahısını hazırlanıb. Bu siyahıda dənli bitkilərdən tutmuş, tərəvəz-bostan bitkilərinə kimi, ümumiliklə 58 adda bitkinin keyfiyyət göstəriciləri əks edilıb. Məs., torpağın mühit reaksiyası adlı keyfiyyət göstəricisi var. Torpağın bu göstəricisi 7-8 vahid arasında dəyişdikdə, bu torpaqlar taxıl üçün əlverişli torpaqlar hesab edilir və ya 4 vahid olduqda isə həmin torpaqda subtropik bitkilər daha yaxşı yetişir. Eləcə də, torpaqların şoranlığı 3%-dən yuxarı olduqda onlar şoran torpaqlar sayılır və s. 

 

- Torpağın məhsuldarlığına başqa hansı göstəricilər təsir edir?

- Torpağın məhsuldarlığına və torpağın iqtisadi səmərəliliyinə təsir edən bəzi fiziki göstəricilər vardır ki, onlarda biri də meyllilikdir. Relyef nə qədər düz olarsa, o qədər yaxşıdır. Meyillik artdıqca onun əkilməsi çətinləşir, yəni burada tırtıllı texnikanın və suvarma sistemlərinin işi çətinləşir. Meyillik 20-30 dərəcəni keçdikdə isə işləmək demək olar ki, mümkün olmur. Daha bir göstərici torpağın dəniz səviyyəsindən hündürlüyüdür. Hündürlüyün artması həm torpağın temperaturuna, həm də torpaq qatına təsir edir. Bu səbəbdən 1600 metrdən yüksək ərazilərdə əkin işləri demək olar ki, aparılmır və onlar biçənək və örüş-otlaq məqsədilə istifadə edilir. Bundan başqa torpaqların səmərəliliyinə onların qranulometrik tərkibi də təsir edir.

 

- Qranulometrik tərkib nə deməkdir? Bu tərkib nəyi göstərir?

- Qranulometrik tərkib torpaqda qumun, gilin və gillicəli olduğunu göstərir. Bu özünü həm torpağın su keçirmə qabiliyyətində, həm də şumlanma zamanı ortaya çıxan çətinliklərlə hiss etdirir. Məs., torpağın qranulometrik tərkibində gil hissəcikləri çox olduqda, onun şumlanması üçün daha çox yanacaq sərf edilir və torpağın iqtisadi səmərəsi aşağı düşür. Torpaq sahəsinin ölçüləri böyüdükcə, yanacaq xərcləri daha da artır və iqtisadi səmərəyə ciddi təsir edir. Bu çox mühüm göstəricidir. Yəni ola bilər ki, torpaq sahəsi ümumilikdə münbit olsun, amma tərkibində gil hissəciklərinin miqdarı yüksək olduqda onun iqtisadi səmərəsi aşağı düşür.

 

- Ən çox hansı bitkiləri əkmək istəyən fermerlər sizə müraciət edirlər?

- Bildiyimiz kimi, hazırda ölkəmizdə taxılçılıq sürətlə inkişafı edir. İri taxılçılıq təsərrüfatları yaradılır və buna görə də əsas müraciətlər taxılçılıqla bağlıdır. Bundan başqa, qoz-fındıq, gilas və ərik ağaclarının əkilməsi üçün də müraciətlər olur. İndi biz havaların bir qədər istilənməsini gözləyirik. Yanvar-fevral aylarında hava soyuq olduğu üçün tədqiqat işləri aparılmır, lakin mart ayından etibarən bu sifarişlər üzrə torpaqlarda tədqiqat işlərinə başlayacağıq.

Ümumiyyətlə, bu il 14 rayon üzrə 1 milyon 173 min hektar ərazidə tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Artıq qrafik tutulmuşdur, mütəxəssislər bölüşdürülmüş və hazırlıq işlərinə başlanılıb.

 

- Sahib müəllim, biz əsasən əkin sahələri ilə bağlı danışırıq. Bəs örüş və otlaq sahələri necə, onların da xüsusiyyətləri öyrənilirmi?

- Əlbəttə, örüş sahələrinin öyrənilməsi də əkin sahələri qədər vacibdir. Heyvandarlıqla məşğul olan fermerlər otlaqlarda zəhərli bitkilərin mövcudluğu, zərərsiz bitkilərin həcmi və bitkilərin həcminin heyvanları təmin edib-etməyəcəyi barədə məlumatlı olmalıdırlar. Bu məsələlərin araşdırılması üçün çöl-geobotaniki tədqiqat işlər aparılır. Hazırda respublikamızın yay otlaqlarına məxsus torpaq sahələrində çöl-geobotaniki tədqiqat işləri tam başa çatmış, götürülən nümunələr laboratoriyada analiz edilib. Əldə edilmiş nəticələrə əsasən həmin ərazilərin (bələdiyyələrin örüş və biçənəkləri, eləcə də qış və yay otlaqları) geobotaniki xəritələri hazırlanmış və bu xəritələrə müvafiq kartoqramlar tərtib edilib. Kartoqramlarda keyfiyyət göstəriciləri və bu torpağın imkanlarını əks etdirən məlumatlar əks olunub. Məs., otlaqlarda bir hektara düşən yemin miqdarı təyin edilmiş və onun keyfiyyəti öyrənilıb.

 

- Tədqiqat işlərindən sonra məlum olur ki, bu otlaqda neçə mal-qara otlaya bilər?

- Bəli, araşdırmalar nəticəsində hər hektar torpaq sahəsinə düşən mal-qaranın sayı təyin edilir. Yəni müəyyən olunur ki, bir hektar torpaq sahəsində normaya uyğun olaraq neçə baş iri və xırda buynuzlu mal-qara otarıla bilər. Bu barədə sifarişçiyə məlumat verilir.

 

- Belə hal olubmu ki, torpağın tərkibini öyrənəndən sonra torpaq sahibi ondan istifadə planını dəyişsin.

- Əlbəttə, belə hallar olub.

  

- Sizin xidmət ölkə ərazisindəki bütün torpaqlarda tədqiqat aparırmı?

- Bəli, işğal olunmuş ərazilər istisna olmaqla, bütün torpaqlarda tədqiqat işləri aparırıq.

  

- İstənilən ölçüdə torpaq sahəsinin münbitliyini yoxlamaq üçün müraciət etmək olar?

- Əlbəttə, hətta 1 sotdan da az olan sahənin münbitliyini yoxlaya bilərik.

 

- Sizin laboratoriyaların avadanlıqları müasirdirmi və hazırki dövrün tələblərinə cavab verirmi?

- Əlbəttə, bizim iki mobil və bir əsas laboratoriyamız var. Avadanlıqlar 2015-2016-cı illərdə Avropadan gətirilıb və dünya standartlarına cavab verir. Vəziyyətdən asılı olaraq, torpaqlardan götürülən nümunələr həm mobil laboratoriyalarda, həm də əsas laboratoriyada analiz oluna bilər.

Bir qədər əvvəl bizə Hacıqabul rayonundan bir torpaq sahibi müraciət edərək torpağının münbitliyini yoxlamağı istəmişdi. Onun xidmət haqqı təqribən 792 manat oldu. Torpaq sahibi bundan çox təəccübləndi və məlum oldu ki, o indiyədək bu xidmət üçün Gürcüstana gedirmiş. Orada həm qiymət nisbətən bahadır, həm də yol və həmin ölkədə qalmaq üçün əlavə xərclər ortaya çıxır. Ən pisi də odur ki, yola uzun müddət vaxt tələb olunur və bu müddət ərzində torpaqdan götürülən nümunələr öz xüsusiyyətlərini itirirlər. Bu da sonradan analizin nəticələrinə və cavablara təsir edir. Bizim analizlərin nəticələri ilə tanış olduqdan sonra, həm torpaq sahibi, həm də onun İsraildən dəvət etdiyi mütəxəssis şöbəmizə gəldilər, məlum oldu ki, Gürcüstandakı analizlərlə bizim analizlərin nəticələri də fərqlənir. Bu təbii idi, çünki Gürcüstana cəmi 3 nümunə göndərilirdi, onlar da yolda xüsusiyyətlərini dəyişirdilər, bizdə isə torpağın münbitliyini müəyyən etmək üçün 10-dan artıq nümunə götürülüb, analiz edilir. Onlar bildirdilər ki, ölkəmizdə belə keyfiyyətli və müasir laboratoriyanın olduğundan xəbərsiz imişlər. Yeri gəlmişkən, torpaq sahibi bu ərazidə nar bağı salmaq istəyirdi, analizlər göstərdi ki, bu torpaq nar bağı üçün məqbul yerdir.

Başqa bir misal: Sabirabadda iri fermer təsərrüfatı var, onun sahibi həmişə torpaq nümunələrini Türkiyədə analiz etdirirdi. Lakin, özü və dəvət etdiyi türk mütəxəssislər bizim laboratoriyamız ilə, o cümlədən onun iş imkanları ilə tanış olduqdan sonra bildirdilər ki, bundan sonra bütün analizlərlə bağlı bizə müraciət edəcəklər.

 

- Torpağın xüsusiyyətini bilmədən işlərə başlamaq hansı nəticələrə səbəb olur?

- Əlbəttə ki, əgər torpaqda ciddi iş və yatırım planlaşdırılırsa, torpağın xassələrinin planda nəzərdə tutulan işlərə uyğunluğu müəyyən edilir və bunun əsasında tədqiq edilir. Məs., bir müddət əvvəl Şamaxıda bir sahibkar 100 hektardan artıq torpaq sahəsi əldə edib, üzüm bağı salırdı. Biz bu torpaqla tanış olduqdan sonra məlum oldu ki, onlar torpağı düz şumlamayıblar. Səbəb odur ki, dəniz səviyyəsindən yuxarı qalxdıqca torpaqlardakı münbit qat dayazlaşır, 40 santimetrdən sonra isə süxurlar başlayır. Ona görə də, belə torpaqları dərindən şumlamaq olmaz. Qeyd olunan torpaq sahəsində isə humus qatı cəmi 10 santimetr təşkil edirdi. Amma sahibkar bundan xəbərsiz olduğuna görə, torpaq 40 santimetr dərinliyədək şumlanmışdı. Ümumiyyətlə, qeyd olunan bütün bu məsələlər ona əsas verir ki, torpağa ilk növbədə bizim mütəxəssislər ayaq basmalıdırlar. Torpaq tərəfimizdən əsaslı araşdırıldıqdan sonra, onun məhsul vermə imkanları proqnozlaşdırılır və yekun olaraq əkin işlərinə başlanılır.