Ən yeni xəbərlər
280 nəfər oxuyub

Aznav naviqasiya sistemi

22.03.2018

Nəsimi bazarı, “Kubinka” və “Papanin” də sökülür – NƏ DƏYİŞƏCƏK?

 

Xəbər verildiyi kimi, artıq iki ildən artıqdır ki, Bakıdakı yaşayış binalarının yenidən qurulması prosesi başlayıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakının rayonlarının ərazisində istismar müddəti başa çatan binaların yeniləri ilə əvəz edilməsi davam edir. Bu zaman yararlılıq müddəti başa çatmış, qəza vəziyyətində olan və ya görünüşü müasir tələblərə cavab verməyən binalar sökülür, onların yerində yeni binalar inşa edilir. Köhnə binaların sakinləri isə yeni binalarda mənzillə təmin edilirlər. 

Pilot layihə çərçivəsində Nəsimi rayonu ərazisində 226 belə bina siyahıya salınıb. Ancaq bundan əlavə üzlükləri yenilənən ancaq daxili divarlarında, zirzəmilərində ciddi fəsadlar olan binalar da pilot layihə çərçivəsində yenilənməsi nəzərdə tutulur.

 

Bakının mərkəzi yeni görkəm alır

Məsələn, Nəsimi rayonu Hənifə Ələsgərova küçəsindəki 3 mərtəbəli binaların 100 ilə yaxın yaşı var. Onlar 1920-ci ildə inşa ediliblər. İndi də fasaddan normal görünürlər. Amma binanın zirzəmisi bərbad haldadır, divarları çatlayıb. Şəhərin mərkəzində “28 may” metrosu ətafında da belə yaşayış binaları var.  

Nəsimi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, onlar qəzalı tikililər siyahısına düşməsə də digər kateqoriyaya aid edilib və  yenilənməsi nəzərdə tutulur. Adıçəkilən ərazi ilə yanaşı “Kubinka”, “Papanin” adlanan ərazilərdə, Azadlıq prospektinin sağ və sol hissəsində - Nəsimi bazarı, “Ağ çiçəyim” gül dükanında “28 Mall”a qədər olan ərazidə kvartallar yenidən qurulacaq. Səməd Vurğun küçəsində bir neçə layihə var. Ceyhun Hacıbəyli, Mirəli Qaşqay küçələrində 2 layihə var. “Olimpik star”dan saga Nəsib bəy Yusifbəyli  küçəsi ilə Hərbi Hospitala qədər olan ərazilərdəki binalar da  mərhələlərlə sökülərək yerində yeni  və daha hündür binalar inşa ediləcək.

 

Köhnə binaların söküntüsü başlanıb

İcra hakimiyyətindən bildirdilər ki, artıq Nəsimi rayonunda 31 pilot layihənin icrasına razılıq verilib. Onlardan 15-də binaların söküntüsü işləri aparılır. Digər 10-a yaxın layihədə sakinlərlə maarifləndirici söhbətlər aparılır, müqavilələr hazırlanır. 6 layihədə isə sənədləşmə işləri aparılır. 

Hökumətin birbaşa nəzarəti ilə həyata keçirilən pilot layihələrin əhatə etdiyi binalarda sakinlərin mənafeyi  priaritet götürülüb.  Bir qayda olaraq, onlara yeni binalarda mənzil verilməsi nəzərdə tutulur. Layihənin tələbinə görə, binaların yenilənməsini tikinti şirkətləri həyata keçirəcək, ancaq icra hakimiyyətləri onlara  birbaşa nəzarət edəcək.  Bütün layihələnmə, sakinlərin köçürülməsi, tikinti- və abadlıq işlərini şirkətlər həyata keçirəcək. 

 

30 kv.metrə görə nə qədər sahə veriləcək? 

Tikinti şirkətləri ilə bağlanan müqavilə şərtlərinə görə, bina sakinləri bir müddət başqa evlərdə yerləşdirilir və yeni bina tam hazır olanadək onların kirayə haqqı şirkət tərəfindən ödənilir. Bina hazır olduqdan sonra isə onlar yenidən mənzillərinə köçürüləcək. Müqavilə şərtlərinə görə, sakinlərə  mövcud mənzillərinin sahəsindən 20% , bəzi hallarda 25-30% artıq ölçüdə mənzillər veriləcək.

Sahəsi çox kiçik olan mənzillərin sahiblərinə hətta 50% əlavə sahə verilməsi nəzərdə tutulub. Məsələn, 30 kv.metrlik mənzili olan bina sakini təxminən 2 ildən sonra yaşadığı binaya geri dönərkən ona 45-50 kv.metrlik mənzil veriləcək. Burada tikinti şirkətləri də sakinlərə güzəştlər edə bilir. 

Yeni binalar tikilərkən mənzil sahiblərin çıxarışları toplanır və  notarial qaydada tikinti şirkətinin  möhürü ilə onlarla müvəqqəti müqavilə bağlanır. Orada 24 ay sonra bina təhvil veriləndə mənzil sahibinin köçəcəyini evin sahəsi, otaq sayı, mərtəbəsi dəqiq göstərilir.

 

Layihədə istisnalar da var

Pilot layihələrdə əsas xətt sakinlərin müvəqqəti məskunlaşması və tikinti başa çatdıqdan sonra yenidən öz mənzillərinə geri qaytarılmasıdır. Ancaq bəzi hallarda  tikinti şirkətləri istisnalarla üzləşirlər. Məsələn, 83 yaşlı bir sakin ömrünün son günlərini kirayədə yaşamaq istəmədiyini bildirib.  Başqa bir binada yaşayan sakin  evində 50-yə yaxın pişik saxlayır. Onun hardasa kirayədə qalması çox çətin olar. Eyni zamanda həmin şəxsin 2 il sonra geri dönüb “novostroyka”da sanitar-gigiyenik normalara əməl etmədən yaşaması ətrafdakı sakinlərə də zərər verə bilər.  Bu çür müraciətlər  nəzərə alınaraq həmin şəxslərə mənzilin ölçüsünə uyğun olaraq pul ödənilir. Onlar başqa yerdən özlərinə mənzil alıb köçürlər. 

 

Mənzili satmaq sərfəlidirmi?

Nəsimi rayonu ərazisində sökülən binalarda mənzilini satan bu kimi şəxslərə hər kv.metrə görə 1500-1700 manat vəsait təklif edilir.  Məsələn,  “Malibu” şirkəti Salatın Əsgərova, Topçubaşov, Şamil Əzizbəyov küçələrində yerləşən 3 kvartalın inşasını üzərinə götürüb. Həmin şirkət bu ərazilərdə  mənzilin 1 kv.metri üçün   1500 manat ödəyərək alıb. Şəhərin mərkəzindəki binalarda isə bu məbləğ 1800 manata çatır.

“Ancaq icra hakimiyyəti sakinlərə pul verib köçürülməsinə tərəfdar deyil. Çünki bəzi MTK-lar mənzili sakinlərdən alır və onları birdəfəlik köçürür.  Digər şirkət isə bunu edə bilmir. Nəticədə onlarda narazılıq yaranır. Ona görə də icra hakimiyyətləri ayrıseçkilik olmasın deyə sakinlərin müvəqqəti köçürülməsi və bina hazır olanda onlara  öz mənzillərinin geri qaytarılmasını priaritet seçib” – deyə İH-dən  bildiriblər.

 

Nəsimini bu  şirkətlər tikir

Pilot layihədə investorlar üçün bəzi məhdudiyyətlər də var. Şirkətlərin seçilməsi birbaşa İH-nin səlahiyyətindədir. Bu zaman daha təcrübəli və əvvəlki layihələrdə sakinlərlə hər hansı problem çıxmayan, işinə məsuliyyətli, tikintidə təhlükəsizlik tələblərinə riayət edən  şirkətlərə üstünlük verilir. Bu seçimdə iştirak etmək üçün tikinti şirkətləri İH-nə müraciət edə bilərlər. Artıq Nəsimi rayonunda pilot layihədə işləmək üçün 100-ə yaxın şirkətdən müraciət daxil olub. Onlardan bir neçəsi artıq razılıq alaraq tikinti işlərinə başlayıb: Həmin şirkətlər sırasında “Avroqarant”, “Qloriya”, “Teymuroğlu, “RUR MTK”, “Draft”, “Qold Constraction” da var.

Eyni zamanda İH-I də şirkətləri pilot layihəyə cəlb edə bilər. Tkinti üçün tələb olunan bütün sənədləşmə işlərini - xidmət sahələrindən, Tikinti və Arxitekrura Komitəsindən, FHN, NK-dan rəy alınmasını İH edir. Ona görə də hər ay layihənin icrası barədə hökumətə hesabat verir.

 

Şəhərin mərkəzində ən yündür bina 14 mərtəbə olacaq

Sökülən kvartalların, binaların layihəsini isə tikinti şirkətləri hazırlayır. Ancaq bu zaman onlar üçün müəyyən edilən şərtlərə əməl etməlidirlər. Məsələn, onlar binanı çox hündür tikə bilməzlər.Nəsimi rayonunda tikintisinə razılıq verilən layihələrdə ən hündür yaşayış binası 16, iş mərkəzi isə 20 mərtəbəlidir.  Onların zəlzələyə davamlılığı da nəzərə alınır. Zəlzələ, sıxlıq nəzərə alınır. Fasad şəəhərin memarlıq üslubuna uyğun olmalıdır. Yaxınlıqdakı binaya uyğun olmalıdır.

Tikinti zamanı şəhərin sıxlığı, həmin sahədə təhlükəsizlik qaydaları nəzərə alınmalıdır. Binaların fasadı şəhərin memarlıq üslubuna, yaxınlıqdakı binaya uyğun olmalıdır. Eyni zamanda həmin ərazilərdə yollar genişləndirilir. Kvartalın 4 tərəfindən də yollar  10 metr geri çəkilir. Yeni binaların həyətində istrahət məkanları, parkinqlər olmalıdır. Yeni məhəllələrdə bağça tikilməsi  də vacib şərtlərdəndir. Kvartaldakı binaların və sakinlərin sayından asılı olaraq orada 100-150 yerlik bağça tikilməlidir. Kiçik sahələrdə 50 yerlik də tikilə bilər.