Ən yeni xəbərlər
281 nəfər oxuyub

Aznav naviqasiya sistemi

16.03.2018

Bakıda mini mənzillər dövrü başlayıb – YENİ TREND

Bakıda əhalinin həyat tərzində və ehtiyaclarında baş verən yeniliklər özünü mənzil bazarında da göstərməyə başlayıb.

Son illər paytaxtın mənzil bazarında kiçik, daha dəqiqi, mini mənzillərə tələbat artmağa başlayıb. Paytaxt sakinləri sahəsi nisbətən kiçik və daha praktik mənzillərə üstünlük verirlər. Səbəb belə evlərin ucuz başa gəlməsi və sosial obyektlərə yaxınlığıdır. Belə ki, sahəsi kiçik olan mənzillər 25-30 min manata başa gəlir. Bəzi yerlərdə 1 otaqlı mənzillərin qiymətləri hətta 14-15 min manata qədər enir. Bu da alıcılıq qabiliyyəti aşağı olan vətəndaşların mənzil sahibi olmasına imkan verir. Ancaq kiçik mənzillərin də öz tələbatları var.

Sulu Təpəyə və Zabrata axın

2000-ci illərin əvvəllərində, paytaxt əhalisi və buraya sürətlə axışan yeni sakinlər mənzil problemlərini həll etməyə başlayanda adamların çoxu şəhər kənarına – Xırdalan və ya Sabunçu rayonlarına üz tutmağa başladı. Buradakı boş torpaqlar ucuz və əlçatan olduğuna görə, həmin ərazilər sürətlə məskunlaşdı. Tezliklə burada irili-xırdalı evlər inşa edilərək yaşayış başlandı. Amma bu evlər heç də bütün sakinləri qane etmədi: sosial obyektlərin azlığı, iş yerindən uzaqlıq, yollardakı tıxaclar və vaxt itkisi şəhər kənarındakı evlərə olan həvəsi kəskin azaltdı. Xüsusilə ş yerləri şəhər mərkəzində olanlar özlərinə məhz burada mənzəl axtarmağa başladılar. Tikinti şirkətləri artan tələbatı vaxtında qiymətləndirdilər və nəticədə, hazırda paytaxtda «mini mənzillər bumu» yaşanır.

Şirkətlərin təklifləri   belə dəyişir

Artıq paytaxtda bir neçə tikinti şirkəti öz layihələrində mini mənzillərdən istifadə edir. Məsələn, “Kristal Abşeron” şirkətinin Günəşli qəsəbəsindəki “Yeni Günəşli 1”layihəsində 1 otaqlı mənzillər fərqli üslubda – 1+1 formasındadır.  41 kvadratmetrlik mənzildə mətbəx ümumi otağın bir hissəsi kimi insa edlib. “Yeni Günəşli 2”layihəsində isə 1+1 üslubunda tikilən 1 otaqlı mənzillərin sahəsi daha az 34,8  kvadrametrdir.

Xırdalanda inşa edilən “AAAF Park” layihəsində isə 1 otaqlı  mənzillər 28,7 kv.metrdən başlayır. Şirkət bu mənzillərə 13 min manat qiymət qoymuşdu, amma tələbat çox olduğundan evlər sürətlə satılıb.

Ən kiçik mənzilləri isə “Melissa Qroup” inşa edir. Şirkətə məxsus “Melissa Park” layihəsində 1 otaqlı mənzillərin sahəsi  26,8 kvadratmetrdən başlayır.

Maşın qiymətinə mənzil

Şirkət nümayəndələri kiçik mənzillərin sürətli artımını əhali tərəfdən tələbatın böyük olması ilə izah edirlər. «AAAF Park» yaşayış kompleksində bildirilir ki, burada mənzillərin əksəriyyəti kiçik ölçülüdür, çünki onlar gəlirləri nisbətən aşağı olan ailələr üçün nəzərdə tutulub. Maraqlıdır ki, mənzillərin kiçik olmasına baxmayaraq, otaq sayına tələbat sabit qalıb. Sakinlər ölçüləri kiçik olsa da, 2 otaqlılara üstünlük verirlər. AAAF-ın media meneceri Rəşad Əliyev bildirir ki, kiçik evlərin inşası zamanı sahə itkiləri çox olur və bu da layihələr sərfəli olmadığından bəzi şirkətlər belə mənzillər tikmirlər: «Amma kütləvi tikinti olanda belə mənzilləri inşa etmək sərfəlidir. Ona görə biz kütləvi tikintiyə üstünlük veririk. Söhbət 12 min mənzilin inşasından gedir».

Niyə kiçik mənzilləri alırlar?

Alıcıların bir hissəsi kiçik mənzillərin investisiya etmək, yəni kirayə məqsədilə alırlar. Şəhərin əlevrişli yerlərində, infrastruktura yaxın ərazilərdə yerləşən mənzillər, gənc ailələr, tələbələr və günün böyük hissəsini evdən kənarda keçirən aktiv insanlar üçün sərfəli variantdır. Belə mənzillərin kirayə haqqı nisbətən ucuz olduğuna görə, onlara tələbat böyük olur. Ona görə də kiçik mənzillərin bir çoxunu isə kirayə  vermək üçün alırlar. Ən əsası, belə mənzillərə tələbat byük olduğuna görə, ehtiyac yarananda onları satmaq da asandır.

Kiçik mənzillərə tələbatın belə yüksək olması nəinki tikilən, hətta artıq tikilmiş, hazır binalarda da layihənin dəyişdirilməsinə səbəb olur. «MBA Qrup» şirkətinin rəhbər Nüsrət İbrahimov bildirir ki, bəzi MTK-lar sahəsi böyük olan mənzillərin yaxşı satılmadığını görərək, layihələri dəyişirlər: «Onlar iri mənzilləri bölərək bir neçə kiçik mənzilə çevirirlər. Təbii ki, bu yalnız həmin dəyişikliyə imkan olan mənzillərdə mümkündür».

Şəhərdə yoxsa qəsəbələrdə?

Qarşıdakı illərdə sahəsi nisbətən kiçik, otaq sayı çox olan mini mənzillərin sayı getdikcə artacaq. R.Əliyev bildirir ki, kiçik mənzillərə tələbat xüsusilə çoxdur: «Nə qədər qəribə olsa da, şəhər əhalisi mənzillərdə yaşamağa örəşiblər. Sakinlərin əksəriyyəti «Xruşşovka» adlanan binalarda yaşayıblar. Burada da mənzillərin sahəsi kiçik olurdu. «Xruşşovka»lardan sonra digər kiçik mənzillər elə də narahat görünmür. Üstəlik kiçik evlərin qiyməti də az olduğundan adamlar o tipli  mənzillər almaq istəyirlər».

Əmlak üzrə ekspert  Ramil Osmanlı da belə mənzillərin artdığını qeyd edir: «Əgər əvvəllər şəhər mərkəzinə yaxın ərazilərdə inşa edilən ən kiçik mənzilin sahəsi 50 kv.metr idisə, indi artıq 35-40 kv.metr olan, bəzən ondan da az olan  mənzillərə də rast gəlinir. Bu da imkan verir ki, tikinti şirkətləri öz məhsullarını daha rahat sata bilsinlər».

Sahəyə uyğun əşyalar seçmək lazım olacaq

Kiçik sahəli mənzillərin digər üstünlüyü onların daha praktik və yığcam əşyalarla təmin olunmasıdır. Mütəxəssislərin fikrincə, 1 otaqlı mənzildə ən çoxu 2 nəfər rahat yaşaya bilər. Burada onlara az yer tutan və ya tez yığılıb-açılan stol-stullar, divan, şkaflar lazım olur. Həmin adamlar 2 mərtəbəli çarpayılara üstünlük verməlidir.

Otaqda televizor, telefon, bəzi şkaflar divardan asılmalıdır.  Çünki onlar 1 otağa daha çox əşya yerləşdirməyə məcburdurlar. Bu zaman təmizlik alətləri və kondisioner də nisbətən kiçik ölşüdə seçilməlidir. Kiçik ölçülü  mənzildə eyvanı ləğv edərək otağın sahəsini böyütmək də mümkündür. Və ya mətbəxi eyvana köçürmək olar. Bu zaman mətbəxdə istifadə edilən əşyaların sayı da azalacaq. Burada daha praktik və nisbətən kiçik ölçülü soyuducu, az tutumlu paltaryuyan maşın və digər alətləri saxlamaq məsləhət görülür. Bu zaman mətbəx stoluna ehtiyac qalmayacaq.

Ancaq ən yaxşısı eyvanda ərzaqları və digər tələbat mallarını saxlamaq üçün şkafların qurulmasıdır. Bu, xüsusilə qış aylarında soyuducuya tələbatı azaldacaq. 

Əgər mətbəx otağın bir hissəsində yerləşibsə, orada hava təmizləyici qurğunun (aspirator) qoyulması mütləqdir. Çünki evin havasını təmiz saxlamaq lazım gələcək.  Belə şəraitdə mətbəxə ayrıca xalça salmağa da ehtiyac qalmır.

Mütəxəssislərin fikrincə, bu praktikanı 2 otaqlı mənzillərdə də istifadə etmək olar.  Burada ən yaxşı halda 4 nəfər rahat qala bilər. Ancaq əşyaların sayını minimuma endirməli olacaqlar.  2 otaqlı mənzillərin mətbəxi nisbətən iri olduğundan oradan yeməkxana kimi də yararlanmaq mümkündür. Bu zaman qonaq otağında stol-stula lüzum qalmır. Əvəzində daha rahat yumşaq mebellər qurulur. Və ya yazı masasını həmin otaqda yerləşdirmək mümkündür.

Beləliklə, gəliri az olan ailələr kiçik mənzillər alarkən bir sıra xərclərinə də qənaət etmiş olurlar.  Bu zaman böyüklərə belə evdə yaşamaq rahat olsa da uşaqlar darısqallıqdan əziyyət çəkirlər. Şərait onlara rahat oynama, əşyalarını yığıb saxlama imkan vermir.