Ən yeni xəbərlər
148 nəfər oxuyub

Aznav naviqasiya sistemi

22.03.2018

1000 manata əmlak lazımdır? – ÖZƏLLƏŞDİRMƏ HƏRRACI

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 3-də  dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərraca müxtəlif çeşidli 184 dövlət əmlakı çıxarılacaq. Bunlar 18-i SC, 93 kiçik dövlət müəssisə və obyekt, 67 istifadəsiz qeyri-yaşayış sahəsi və 6 avtomobildir.

Hərraca çıxarılan kiçik müəssisə və obyektlər məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Paytaxtla yanaşı Balakən, Şəmkir, Cəlilabad, Mingəçevir, Şəki və digər şəhər və rayonlarda yerləşən əmlakların sahəsi 20 kv.m-dən 3 813 kv.m arasında dəyişir.

 

Bəzi obyektlər torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. İri müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şamaxı ərazi Yun tədarükü və qəbulu idarəsi, Şəmkir yun tədarükü məntəqəsi kimi obyektlər var. Məsələn, Şəmkir yun tədarükü məntəqəsinin faydalı sahəsi 3,5 min kv.m, torpaq sahəsi isə 60 sotdan artıqdır. Bu obyekt səmərəli işləyəcəyi təqdirdə geyim istehsalı üçün xammal mənbəyi ola bilər.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrinin 49-u paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Xızı, Tovuz, Lənkəran və digər rayon və şəhərlərdə yerləşir. Belə əmlakların sahəsi 13- 1621 kv.m arasında dəyişir. Yəni investorlar hərracda öz imkanlarına və planlarına uyğun olaraq istinilən ölçüdə əmlak tapa bilərlər.

Məşhur istirahət mərkəzi hərracda 

Hərracda investorlar üçün əlverişli əmlaklar sırasında tanınmış istirahət mərkəzi və ticarət mərkəzləri də  var. Şəkinin Qudla kəndində yerləşən «Şəki istirahət zonası» sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək obyektin faydalı sahəsi 372 kv.metr, torpaq sahəsi isə bir hektardır. Əmlakın ilkin satış qiyməti 68 000 manatdır, hərraca qoşulmaq üçün 10%-lik, yəni 6 800 manat beh ödəmək tələb olunur.

Cəlbedici əmlaklardan biri Sabirabaddakı "Muğan" Ticarət Müəssisəsidir. Şəhərin mərkəzində - Nəsimi küçəsi, 4B ünvanında yerləşən əmlakın faydalı sahəsi 249.1 kv.metr, özələşdiriləcək torpaq sahəsi isə 805.5 kv.metrdir. Ticarət Mərkəzinin ilkin satış qiyməti 12 500 manat, onun üçün tələb olunan beh isə 1 250 manatdır.

Hərraca iki bazar da çıxarılıb. Bunlar 15 saylı bazarın Qızıldaş və Ələt qəsəbələrindəki filiallarıdır. Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən filiala (faydalı sahəsi 183 kv.metr, özəlləşdiriləcək torpaq sahəsi isə 320 kv.metr) 15 min manat, Ələt filialına isə 25 min manat qiymət qoyulub.

Ən ucuz satılan əmlaklar  - 1000 manatdan başlayır

Bu dəfəki hərracda çox ucuz, hətta 1000 manata da əmlak tapmaq olar. Məsələn, Bakının Qaradağ rayonda, Qobustan qəsəbəsi, Bakı-Salyan yolunun üstündə yerləşən avtotəmir məntəqəsi bu qiymətə satışa çıxarılacaq. Cəmi 100 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.

Ucuz satılan əmlaklar Bakı ilə yanaşı Gədəbəy, Sumqayıt, Neftçala, Siyəzən rayonlarında da var. Gədəbəyin Talakənd kəndindəki qeyri-yaşayış binasınin ilkin satış qiyməti 1 250 manatdır. Sahəsi 77 kvadratmetr olan obyekti almaq üçün 125 manat ilkin beh ödənilməlidir.

Neftçalanın Kürkənd kəndindəki  91 kvadratmetrlik mağaza da 1 250 manat ilkin qiymətlə satışa  çıxarılıb. Burada da ilkin beh cəmi 125 manatdır.

Ucuz qymətə əmlakı Sumqayıtda da tapmaq mümkündür. Şəhərin 10-cu mikrorayon, bina 14 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi 2 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Sahəsi 21,7 kvadratmetr olan əmlakı almaq üçün hərraca qoşulmaq istəyənlər 200 manat beh ödəməlidirlər.

Bakının Xətai rayonunda isə 15 kvadratmerlik mzirzəmi 2 625 manata hərraca çıxarılıb. Obyekt G.Şıxlinski küçəsi, 49ünvanındakı 9 mərtəbəli binanın altında yerləşir. Vətəndaşlar 263 manat beh ödəməklə bu hərraca qatıla bilərlər.

Siyəzən şəhərində isə cəmi 3 min manat ödəməklə şəhərin mərkəzində obyekt sahibi olmaq mümkündür. Heydər Əliyev küçəsi, 33 ünvanında 4 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsinin sahəsi 47 kvadratmetrdir. Hərraca qoşulmaq üçün 300 manat beh ödəmək lazımdır. 

Hərracın ən bahalı əmlakları – 198 min manat

Bu dəfəki hərraca iri obyektlər də çıxarılacaq. Ən bahalı əmlakların siyahısına

Mərdəkan qəsəbəsindəki «Mərdəkan» restoranı başçılıq edir. 1743 kvadratmetr sahəsi olan obyektə 300 min manat qiymət qoyulub. Hərracına qatılmaq üçün 30 min manat beh saxlamaq lazımdır. İsmayıllıda rayonundakı Təmir Tikinti Sahəsi başçılıq edir. Bu obyekt iki hissədən ibarətdir.

İsmayıllı şəhərinin  M.Müşfiq küçəsində yerləşən obyektin təkcə 600 kvadratmetrə yaxın tikili sahəsi və 1,26 hektar torpaq sahəsi var. İkinci hissə isə İsmayıllının Əyriçay çayının sahilində yerləşir, burada 44 kvadratmetrlik tikili və 32 sot torpaq var. Əmlakın ilkin satış qiyməti 198 min manatdır, onu almaq üçün hərraca qoşulmaq istəyənlər 19,8 min beh ödəməlidirlər.

Bahalı əmlaklardan biri də Bakının Binə qəsəbəsindəki «Lalə» şadlıq evidir. Faydalı sahəsi 1772 kvadratmetr, torpaq sahəsi təqribən 19 sot olan şadlıq evinə 178 min manat qiymət qoyulub. Hərraca qatılmaq üçün 17800 manat beh ödənilməlidir.

Daha bir bahalı əmlak Bakının Xəzər rayonu Qala qəsəbəsindədir. Qədirli küçəsi, 15 ünvanında yerləşən yardımçı təsərrüfatın 2 hektara yaxın torpaq sahəsi, 2,8 min kvadratmetr tikili sahəsi var. Obektin ilkin satış qiyməti 165 min manat, ödəriləcək beh 16,5 min manatdır.

Ən maraqlı əmlaklardan biri son vaxtlar sürətlə inkişaf edən Mingəçevirdədir. Burada şəhərin mərkəzində yerləşən 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi özəlləşməyə çıxarılıb.  20 Yanvar küçəsi, 16 ünvanında yerləşən obyektin ümumi sahəsi 1 ,14 min kvadratmetr, ilkin qiyməti 125 min manatdır. Cəmi 12,5 min manat beh ödəməklə bu obyektin hərracına qatılmaq olar. Mingçevirdə baş verən yeniliklər fonunda burada əmlakın sürətli bahalaşmasının gözlənildiyini nəzərə alandaadı çəkilən obyekt investorlar üçün çoç cəlbedici olmalıdır.

Şirkətlərin özəlləşməsi davam edir  

Aprelin 3-də hərraca çıxarılacaq səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.  Bunlardan “Zaqatala Fındıq”, “Anar”, “Salyan Kəndkimya“, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel“ və digərlərin göstərmək olar.

SC-lərin hərraca çıxarılan səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. İlkin start qiyməti ən çox olan əmlak “Zaqatala Fındıq” ASC-dir. Nizamnamə kapitalı 838,9 min manat olan şirkətin səhmlərinin 30%-ni endirimli qiymətlə – 126 min manata almaq olar. Bnun üçün hərraca qoşulmaq istəyən investorlar 12,6 min manat beh saxlamalıdır

“Anar” ASC-nin də səhmləri olduqca sərfəli qiymətə satılır. Şirvan şəhəri, M.Talıboğlu küçəsində yerləşən müəssisənin nizamnamı kapitalı 605,1 min manat olsa da, səhmlərinin 30%-lik hissəsi  91 min manata satışa çıxarılıb. Hərracda içtiraketmək istəyənlər 9,1 min manat beh ödəməlidirlər.

Hərraca çıxarılan ən ucuz şirkət isə “Xırdalan Nəqliyyat”ASC-dir. Xırdalan şəhərində yreləşən ASC-nin nizamnamə kapitalı 59,2 min manatdır. Hərracda onun səhmlərinin 30%-lik hissəsi 8,9 min manata satılacaq.

Mədəniyyət obyektləri də satışa çıxarıldı

Aprelin 3-də keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evlərinin özəlləşdirilməyə çıxarılmasıdır. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan və satışa çıxarılan obyektlərin ilkin satış qiyməti o qədər də baha deyil.

Məsələn, Neftçala rayonu, Bala Surra kəndindəki klub  2 500 manata satışa çıxarılıb. Əmlakın ümumi faydalı sahəsi 118.6 kv.metr, özəlləşdiriləcək torpaq  sahəsi 426 kv.metrdir. Hərraca qoşulmaq istəyənlər öncədən 250 manat beh ödəməlidirlər.

Sabirabad rayonu Azadkənd kənd Mədəniyyət evi isə bundna da ucuz – 1 500 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Obyektin faydalı sahəsi 180.4 kv.metr, torpaq sahəsi isə 504 kv. metrdir.  Cəmi 150 manat beh ödəməklə bu hərraca qatılmaq mümkündür.

Xaşmazdakı Sərkərli kənd klubu          isə 4 500 manata satılır. Klubun faydalı sahəsi 66 kv.metr,  torpaq sahəsi isə 1 021 kv.metrdir. Bu əmlakın hərracında iştirak etmək üçün 450 manat beh ödəmək lazımdır.

Hərraca çıxarılan ən bahalı mədəniyyət obyekti isə Ağcabədi rayonundadır. Şənlik kənd klubu min manata satışa çıxarılıb. Onun faydalı sahəsi 612 kv.metr, özəlləşdiriləcək torpaq sahəsi isə 5 738 kv.metrdir. Klubu almaq istəyən iş adamları öncədən 6 000 beh ödəməklə bu hərraca qoşula bilərlər.

Gədəbəydəki  "Aydınlıq" kinoteatrı da özəlləşdiriləcək mədəniyyət obyektləri sırasındadır. M.Quliyev küçəsi, 15A ünvanında yerləşən əmlakın ilkin satış qiyməti  15 000 manat müəyyən edilib. Onun ümumi faydadı sahəsi 290 kv.metr, torpaq sahəsi isə 522 kv.metrdir. Hərraca qoşulmaq istəyənlər 1 500 manat beh ödəməlidirlər.

Digər mədəniyyət evlərinin qiymətləri isə belə dəyişir:

Avaranqışlaq kənd klubu            (Qusar rayonu) -  13 475 manat,

Sarov kənd klubu  (Tərtər rayonu) – 5 000 manat

Komanlı kənd Mədəniyyət evi   (Cəlilabad rayonu) – 10 000 manat,

Qarakazımlı kənd Mədəniyyət evi (Cəlilabad rayonu) – 14 000 manat,

Yolçubəyli kənd klubu (Sabirabad rayonu) – 20 000 manat.

Mərkəzi Bank maşınlarını hərraca çıxardı    

Aprel ayının  ilk hərracında  müəssisə və obyektlərlə yanaşı Mərkəzi Bank və Nazirlər Kabinetinin balansında olan maşınlar da nisbətən ucuz qiymətə satışa çıxarılacaq. Onlardan 3-ü Mərkəzi Banka, qalanları NK-ya aiddir. Maşınların qiyməti 1500 manatdan başlayır. 2002-ci ildə istehsal edilən “Tofaş Şahin Doğan 1.6” markalı maşın məhz bu qiymətə hərraca çıxarılıb.

2004-cı ilə aid olan “Hyundai Sonata” isə 4700 manata satılır.

Siyahıda 7 400 manat, 7 600 manat, 15 000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılan maşınlar da var. Onların istehasal tarixi 2006-2007-ci illərə aiddir.

Hərraca çıxarılan ən bahalı maşın isə  NK-nın  balansında olan “BMW 730”dur. 2006-cı ildə istehsal olunan maşının ilkin satış qiyməti 22 500 manat müəyyən edilib.

Hərraca necə qatılmaq olar?

Xatırladaq ki, bütün əmlaklar üzrə sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların  Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında  saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaq. Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili üzrə Auksion Mərkəzində  tanış ola bilərlər.

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.