Ən yeni xəbərlər
280 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Evdə və ofisdə oturaraq əmlak özəlləşdirmək olar.

 

Ötən il Azərbaycanda özəlləşdirmə sahəsində mühüm yeniliklərdən biri elektron hərracların tətbiqi oldu. Bu yenilik dövlət əmlakının satışında maksimum şəffaflıq və investorlar üçün rahatlıq gətirməklə yanaşı, həm də yeni planlar üçün imkanlar açdı.

Dövlət əmlakınmın özəlləşdirməsi ilə bağlı keçirilən hərraclar, 2017-ci ildə bu sahədə baş verən yeniliklər və qarşıdakı planlarla bağlı «Daşınmaz Əmlak»ın suallarına Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru  Faiq Məlikov cavab verir.

 

- Faiq müəllim, əvvəlcə deyərdiniz ,ƏMDK-nin Hərraclar Mərkəzində təşkil olunan hərraclarda hansı əmlaklar satılır? Vətəndaş və ya şirkətlər buradakı hərraclara qatılmaqla nələri satın ala bilərlər?

- Ümumiyyətlə Əmlak Məsələləri Dövlət komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanına müvafiq olaraq hərracların yeni formatda keçirilməsinə start verib. Hərraclarda adətən dövlət əmlakı - səhmdar cəmiyyətlərinin səhmlərinin, kiçik dövlət və müəssisə obyektlərinin, istifadəsiz yaşayış sahələrinin, özəlləşdirilən obyektlərin torpaq sahələrinin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi həyata keçirilir. 2016-cı ilin sentyabr ayından etibarən həmin ilin sonuna qədər Hərracların Təşkili üzrə Auksion Mərkəzi 4 ay ərzində 14 hərrac keçirib. Bu hərraclara 1192 obyekt çıxarılıb. Onlardan 746-ı ilk dəfə, 293 obyekt isə 2016-cı ilin 4 ayı ərzində özəlləşdirilib.  

Bu statistikanın niyə 2016-cı ilin 4 ayında nəzərə almaqla sizə xatırladıram? Çünki, dövlət əmlakının özəlləşdirilməsinin sürətlənməsi və onların təkmilləşdirilməsinə dair ölkə prezidentinin müvafiq fərmanından sonra hərraclar tam yeni formatda keçirilməyə başladı. Hərraclarda elektron xidmətlərin tətbiqi genişləndirildi, prosedurlar sadələşdirildi, mexanizm daha da təkmilləşdirildi. Hərraclar ictimaiyyət, əhali, iş adamları, ölkə vətəndaşları, üçün, o cümlədən, xaricdə yaşayan və işləyən sahibkarlar üçün açıq və şəffaf qaydada keçirilir. Bundan başqa hərracları birbaşa canlı yayımda izləmək imkanı yaradıldı. Eləcə də mətbuatın, o cümlədən medianın iştirakı ilə televiziyalarda işiqlandırılır.

 

- Bəs 2017-ci ildə neçə hərrac keçirildi və nə qədər əmlak özəlləşdirildi?

- Hərracların bu formada keçirilməsi 2017-ci ildə də davam etdirildi. Ötən il ərzində ümumilikdə Bakı şəhəri üzrə 47 hərrac keçirdik və bu hərraclarda 444 əmlak sahibini tapdı. Səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə 7 hərrac baş tutdu. Baş tutmuş 7 hərracda 9 SC-nin səhm paketləri özəlləşdirildi. O cümlədən, respublikanın digər şəhər və rayonlarında keçirilmiş 150 hərracda 196 əmlak özəlləşdirildi. Bütövlükdə 2017-ci ildə 649 əmlak özəlləşdirildi. Bunlardan da 9-u səhmdar cəmiyyətlərinin səhm paketi, 177-i kiçik dövlət müəssisəsi, 342-i qeyri-yaşayış sahəsi, 10-u yarımçıq tikili, 1-i özəlləşdirilən torpaq sahəsi, 107-i avtomobil, 1-i hava nəqliyyatı, 2-i gəmidir.

 

- Bəs hərraclarda özəlləşdirmədən kənar nə qədər əmlaklar satılıb?

- Bəli, qeyd etdiyim kimi, hərraclarda təkcə özəlləşdirilməyə çıxarılan dövlət əmlakı deyil, dövlət tərəfindən müsadirə olunmuş, məhkəmə qərarına əsasən müsadirə edilmiş əmlaklar da özəlləşdirilir.

Ötən il ərzində komitənin rəsmi mətbu orqanı olan «Mülkiyət» qəzetində elan verməklə 48 belə hərrac keçirildi. Bu hərraclara ümumilikdə 36 000 əmlak çıxarılıb. Hərraclarda 1 457 müsadirə edilmiş əmlak özəlləşdirilib. Belə əmlakların əksəriyyəti kompyuter avadanlığı, telefonlar, müxtəlif aksesuarlar və bu kimi müsadirə olunmuş mallardır.

 

- Hərraclara necə qatılmaq olar? Bunun üçün hansı prosedur var?

- Keçirilən hərraca qatılmaq üçün ilk növbədə hərrac elanlarını izləmək və tanış olaq lazımdır. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi, eləcədə privatization.az səhifəsi və  «Mülkiyət» qəzeti vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi  əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, görüntüsü ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

İstənilən şəxs evdən, iş yerindən, Auksion mərkəzinə gəlmədən, özəlləşdirilən əmlakın yerləşdiyi əraziyə getmədən hərraca çıxarılan hər bir əmlak haqqında ətraflı məlumat əldə edə bilir. Bununla yanaşı, hərraca qatılmaq üçün  elektron sifariş də vermək mümkündür. Belə halda elektron sifariş verib əmlakın dəyərinin 10 % dəyərində beh ödəmək şərti ilə iştirakçı statusunu alır, bu barədə ona bildiriş göndərilir.

Ümumiliyyətlə isə hərracın başlanmasına 3 iş günü qalana qədər 10%-lik behi ödəyib hərraca qatılmaq olar.

Hərraclar Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində saat 10-dan başlanır. İnvestorlar istənilən sayda daşınan, daşınmaz əmlaka sifariş verə bilər. Başqa sözlə, hərraca qatılmaq üçün çox sadə bir mexanizm var. Eyni zamanda qeyd etdiyim kimi 2016-cı ilin sentyabrdan etibarən hərraclarımız ictimaiyət, iş adamları, bütün vətəndaşlar üçün açıq-şəffaf keçirilir.

 

- 2017-ci il Hərraclar Mərkəzi üçün maraqlı və çoxsaylı yeniliklər ili oldu. Bunlardan hansını xüsusi qeyd edərdiniz?

- Doğrudan da 2017-ci ildə Auksion Mərkəzinin fəaliyyətində, ümumilikdə özəlləşdirilmə tarixində mühüm yeniliklər baş verdi. Ötən ilin mayında daşınan əmlakın,  avadanlıqların və nəqliyyat vasitələrinin elektron hərracına başlandı. Bununla bağlı mayın 11-də ictimaiyət üçün geniş təqdimat keçirildi. İlin sonunda, yəni dekabr ayın 6-da isə özəlləşdirilən bütün daşınmaz  əmlakın istər sifarişi, istər hərracı tam elektronlaşdırıldı. İnvestorları daha sadə prosedurlarla əmlak sahibi edən Elektron Hərrac innovativ olmaqla digər layihələrdən fərqlənir. Bu fərqlilik isə onun bir neçə mühüm üstünlüklərə sahib olmasıdır. Belə ki, Elektron Hərracda biznes qurmaq istəyən sərmayəçilərin önəm verdiyi faktorlardan biri olan zaman prinsipi gözlənilib. Onlar heç bir yerə getmədən internet vasitəsilə hərraclara qoşulmaqla onlayn olaraq sifariş verdiyi əmlakın sahibi ola bilir. İstədikləri yerdən qoşulmaq imkanı həm də məkan məfhumunu aradan qaldırır.

Ötən il ərzində 5 elektron hərrac olub. Elektron sifarişlə 10 daşınmaz və daşınan əmlakı özəlləşdirilib.

 

- Özəlləşdirmə hərraclarına maraq necədir?

- Hazırda hərraclar paytaxtla yanaşı respublikanın digər şəhər və rayonlarında da  keçirilir. 14 şəhər və rayonda Auksion Mərkəzinin ərazi idarələrinin fəaliyyət göstərməsi də hərracların keçirilməsini sadələşdirir. Bu isə orada yaşayaş əhali üçün hərrac prosesi barəsində ətraflı məlumat almaq imkanı yaradır. Harada yaşamağından asılı olmayaraq iştirakçılar həm Bakıda, həm də respublikanın digər bölgələrindəki əmlaklarla bağlı sifariş verib, elektron qaydada həmin hərracda iştirak edə bilər. Bu isə hərraclara olan marağı artırıb.

 

- Alıcılar əsasən hansı dövlət əmlaklarına daha çox maraq göstərirlər?

- Hərrac iştirakçıları əsasən, kiçik dövlət müəssisələrinə, qeyri- yaşayış sahələrinə, nəqliyyat vasitələrinə, müsadirə olunmuş əmlaklara daha çox meyl göstərirlər. Statistikaya da baxdıqda aydın olur ki,  özəlləşdirilən əmlakların təsnifatında bu əmlaklar üstünlük təşkil edir.

 

- Son dövrdə hərraca çıxarılan əmlakların çeşidi artıb.Bu dəyişiklik hərraca marağı  artırıbmı?

- Bəli dediyiniz kimi hərraclara çıxarılan əmlakların çeşidi artıb. Müxtəlif növ və fərqli sayda əmlaklar investorlara, vətəndaşlara təklif olunur. Əmlakların çeşidinin müxtəlif olması isə onların seçim imkanını artırır. Bununla isə investorlar rahatlıqla öz biznes planına uyğun əmlak ala bilirlər. Qeyd edim ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sırasında isə pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

 

- Bəs xarici vətəndaşlar bu hərraclara qatılıb iştirak edə bilirlərmi?

- Bu hərraca tək öz ölkəmizin daxilindən deyil, eyni zamanda əcnəbi vətəndaşlar, qonşu  ölkələrdən də, xaricdən də müraciət edib iştirak edə bilərlər. Yəni, bu şərait, imkan onlar üçün də yaradılıb. Bundan əlavə Auksion Mərkəzi hərracların daha əyani şəkildə nümayiş etdirilməsi məqsədilə ötən ilin əvvəlində komitə ilə sahibkarlar konfederasiyasının 20-dən artıq sahibkarların iştirakı ilə elektron hərraclar, açıq hərraclar keçirdi. Onlara bir daha bu hərracların gedişatı barədə məlumat  verildi.

 

- Yeni tətbiq edilən "Elektron hərrac"lar investorlar üçün hansı üstünlüklər yaradır?

- Tətbiq olunan elektron hərracların ən başlıca üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar, iş adamları, sahibkarları hərrac keçirilən məkana getmədən hərracın və hərraca çıxarılan əmlakın yerləşdiyi yerə getmədən bütün məlumatları saytlardan, özəlləşmə portalından əldə edir. Bununla investorlar vaxtına qənaət etməklə əmlak sahibi olurlar. Hərracları canlı izləmək imkanı sərmayəçilərin proses barəsinə ətraflı məlumat almaq imkanı yaradır. Artıq o özəlləşmə prosesinə qoşulmamışdan öncə lazımi informasiyanı əldə edə bilir.

Qeyd edim ki, özəlləşən əmlaklar biznes obyekti olmaqla investor üçün əlverişli gəlir mənbəyidir. Belə olan halda, sərmayəçilər öz biznesini genişləndirmək imkanı qazanır.

 

- Rəqabətli hərracların digərlərindən fərqi odur ki,burada qiymətlər yüksəlir, adətən rəqabətli hərraclarda qiymətlər nə qədər artır?

- Yəni, hərracın keçirilməsi müvafiq qaydalara uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 432 nömrəli fərmanı ilə təsdiq edilib. Burda əsas üstünlük ondan ibarətdir ki, hərraca çıxarılan əmlakı artıq 3-cü dəfə üzrə hərraca çıxarılanda 10% qiyməti enir, 4-cü dəfə 25%, 5-ci dəfə hərraca çıxarılanda isə əmlakın qiyməti 50% azalır. Yəni, istənilən vətəndaş hərraca çıxarılan əmlakların neçənci dəfə hərraca çıxması və qiyməti ilə bağlı müfəssəl məlumat ala bilər.

Rəqabətli hərraca gəlincə, ötən il 40-dan çox əmlakımız rəqabətli şəkildə özəlləşdirilib. Keçirilən hərraclarda bəzən 2, bəzən 3, bəzən də 5 nəfər arasında rəqabət müşahidə olunur. Məsələn 550 min manata təklif edilən əmlak ən son 1 milyon manatdan artıq qiymətə sahibini tapır. Bu isə dövlət büdcəsinə daxil olan vəsaitin artmasına imkan verir.

 

- Faiq müəllim mümkündürmü ki, hərraclarda təkcə dövlət əmlakı deyil, digər əmlaklar da satılsın? Məsələn, hər hansı təşkilat, bank və ya digərləri öz əmlakını burada hərraca çıxarıb satsın?

- Dövlət əmlakı, müsadirə olunmuş əmlak, bələdiyyələrin əmlakı üzrə hərracları təşkil etməklə yanaşı, biz fikirləşirik ki, yaxın vaxtlarda Auksion Mərkəzində hərraclar daha geniş spektrdə təşkil edilsin. Hazırda bu imkanlara baxılır, müvafiq qaydada normativ hüquqi baza hazırlandıqdan sonra təyinatından asılı olmayaraq, vergi və gömrük orqanları, məhkəmələr tərəfindən müsadirə edilən əmlaklar, dediyimiz kimi hər hansı bir şirkətin əmlakı, və ya bankda girov qoymuş əmlaklar, ümumiyyətlə istənilən fiziki və hüquqi şəxslərin əmlakının özəlləşdirilməsi mümkün ola bilər.