Ən yeni xəbərlər
280 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

60 saniyəyə əmlak sahibi olmaq – ƏMDK-DƏN YENİLİK

Azərbaycanda 20 ildən artıq müddətdir ki, davam edən özəlləşdirmə prosesində ən mühüm yeniliklərdən biri baş verib.  Artıq özəlləşdirmədə iştirak edib əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehiyac yoxdur. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirdiyi yenilik olan “Elektron Hərrac” sayəsində mümkün olub. Elektron hərracın gətirdiyi bu imkandan təkcə Azərbaycan vətəndaşları deyil, hamı, o cümlədən xarici investorlar da istifadə edə bilər.

Elektron və ya onlayn hərracların tətbiqinin Azərbaycandakı özəlləşdirmə poosesi üçün nə qədər mühüm olduğunu anlamaq üçün özəlləşdirmə prosesinin özünə nəzər salmaq kifayətdir. Hazırda özəlləşdirmə hərracları Azərbaycanda dövlət əmlakının özəlləşdirilmə prosesində tətbiq edilən əsas üsullardandır. Bakıda və ölkənin regionlarında keçirilən hərraclara yüzlərlə əmlak çıxarılır və investorlara satılır. ƏMDK-nin rəsmi məlumatlarına görə, təkcə 2017-ci ildə təşkil edilən 197 özəlləşdirmə hərracında 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və avtomobillər özəllişdirilib. Məhz hərraclar əhalinin, o cümlədən kiçik və orta investorların dövlət əmlakına sahib olması üçün geniş imkanlar yaradır. İnvestorlar bu hərraclarda aşınmaz əmlaklar, müəssisələr, torpaq sahələri, maşın və avadanlıqlar, avtombillər, səhmdar cəmiyyətlərinin  səhmlərini və sair ala bilərlər. Bu mənada hərracların şəffaf və rəqabət qabiliyətli keçirilməsi bütün özəlləşdirmə prosesinin şəfaf olmasının göstəricisi sayılır.

Onlayn hərracın tətbiqi özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyətini tamamilə aradan qaldırır. Belə ki, bunun köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.

Bu model dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərraclar özəlləşdirmə prosesində yeni mərhələnin başlanması deməkdir. Bu yenilik müasir texnologiyalar vasitəsilə əhalinin, investorların  bu prosesə cəlb edilməsinə imkan verəcək.

Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, eləcə də privatization.az saytına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.

Elektron Hərrac vasitəsilə nəqliyyat vasitələrinə, həmçinin kiçik dövlət müəssisələrinə, səhmdar cəmiyyətlərin səhm paketlərinə, qeyri-yaşayış və torpaq sahələrinə sahib olmaq mümkündür. Hərracların elektron qaydada keçirilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

 ƏMDK-nin bu yeniliyi təqdim etmək üçün təşkil etdiyi «Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: müasirlik və şəffaflıq» mövzusunda təqdimatda komitənin Strateji araşdırmalar, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov bildirib ki, ölkə rəhbərinin müvafiq fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Elektron hərracların tətbiqi isə bu yeniliklərin davamıdır. Qeyd edilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investsisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

 

Elektron hərraca necə qatılmaq olar?

Ümumiyyətlə, özəlləşdirmə hərracları ƏMDK-nin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilir. Hərraclar vasitəsilə müxtəlif növ iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahələri, nəqliyyat vasitələri özəlləşdirməyə çıxarılır.

Elektron hərracda iştirak etmək üçün Komitənin emdk.gov.az rəsmi səhifəsini izləmək lazımdır. Bu məqsədlə saytda xüsusi keçid də yaradılıb. Elektron hərracdan istifadə mexanizmi kifayət qədər sadədir. İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov)  və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir.

Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” düyməsini seçərək qaydaları qəbul etmiş olur. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz beh məbləği haqqında məlumatla tanış olduqdan sonra telefon nömrəsini, poçt ünvanını daxil edir və “Sifariş ver” düyməsini sıxır. Sifariş blankındakı məlumatların düzgünlüyünü yoxladıqdan sonra  “Beh ödə” düyməsindən istifadə edir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Qeydiyyatdan keçmiş şəxs (iştirakçı) hərracda canlı və yaxud onlayn rejimində iştirak  edə bilər. Bunun üçün iştirakçı hərrac günü göstərilən vaxt hərrac keçirildiyi yerə gəlməli, yaxud hərracın keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə keçərək hərracda iştirak etməlidir. Sifarişlərin qəbulu hərracın başlanmasına ən gec üç bank günü qalmış bitir.

İştirakçı elektron hərrac  proqramına daxil olduqdan sonra hərracda iştirak etmə qaydaları ilə bir daha tanış ola bilər

İştirakçı “Lotların idarə edilməsi” bölməsini seçir. “Sifarişlərim”  menyusuna keçərək sifariş verdiyi lotun sağ tərəfindəki hərraca qədər qeyri-aktiv, hərrac zamanı isə aktiv olan “Hərraca qoşul” düyməsini sıxır.

Yeni açılmış pəncərədə satışa çıxarılan əmlakın start qiyməti göstərilmiş “Start qiyməti” xanasının aşağısında “Lotun Cari qiymət” xanasına nəzər yetirərək “Təklif” və “Təklif”(təkrar) xanalarında təklif etmək istədiyi məbləği daxil edir və yaxud üzərində rəqəmlər olan düyməni 2 dəfə sıxdıqda minimum təklif olunmalı məbləği sistemə  əlavə edir.

Hərrac rəqabətli keçdikdə ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə aparılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır, bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Digər qırmızı şriftlə olan yazı son təklif vermiş iştirakçının lot nömrəsini göstərir. Hərrac İştirakçısı 60 saniyə ərzində “Təklif” və “Təklif”(təkrar) xanalarına öz təkliflərini daxil edərək “Əlavə et” düyməsi ilə təkliflərini təqdim etmiş olur.

Hərracın aparıcısı elan etdiyi qiymətə birinci münasibət bildirən iştirakçını seçir,  administrator isə  bu məlumatı kompyüterə daxil edir.

Hər son təklifdən sonra sistem avtomatik olaraq hərracı 60 saniyə uzadır. “İştirakçı nömrəsi” və “Cari qiymət” xanalarında müvafiq olaraq hər bir iştirakçının lot nömrəsi və təklif etdiyi qiymət öz əksini tapır.

Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.

Hərrac günü müəyyən olunmuş vaxtda hər bir istifadəçi (qeydiyyatdan keçmiş və keçməmiş) e-hərracın gedişini  https://e-emdk.gov.az/eHerrac/Home/Presentation  linkindən izləyə bilər.

Qanunvericiliyə uyğun olaraq hərracın canlı və ya virtual iştirak etmiş qalibi 30 (otuz) bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür. Alıcı göstərilən müddət ərzində ödənilməli olan məbləği ödəmədiyi halda onun tərəfindən ödənilmiş beh geri qaytarılmır, tam məbləğdə dövlət büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır. Ödəniş tam keçdikdən sonra əmlak müvafiq qurumlar tərəfindən qalib alıcının adına rəsmiləşdirilir.