Ən yeni xəbərlər
160 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Tikintiyə tələblər yumşaldılır

 

Azərbaycanda tikintiyə tələblər və bu sahəyə nəzarət tədbirləri yumşaldılıb.

Prezident İlham Əliyev «Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Yeni fərmana əsasən adı çəkilən sənəddən tikinti sahəsində çalışanların peşəkarlıq sertifikatlarının tələb olunması ilə bağlı hissə çıxarılıb. Belə ki, fərmanın əvvəlki variantında yer almış 1.6.9-cu yarımbənddə müvafiq icra orqanına tapşırılırdı ki, peşəkarlıq sertifikatlarının verilməsi və ya ləğv edilməsi qaydalarını, habelə sertifikatlaşdırılmalı peşələrin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Dövlət başçısının digər fərmanı ilə 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanla təsdiq edilmiş «Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları»nda da dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, bu sahədəki hüquqpozuntuları ilə bağlı inzibati protokol forması sənəddən çıxarılıb.

 

Sosial evlər üçün ilkin ödəniş qaydası

Azərbaycanda sosial evlərin alınması üçün tələb olunan ilkin ödəniş qaydası dəqiqləşib. Bununla bağlı prezident İlham Əliyev  Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydasında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, ilkin ödənişin 10%-dən daha çox olmasına qoyulmuş qadağa ləğv edilib. İndiyədək sosial mənzil almaq istəyən vətəndaşlar 10%-dən artıq ilkin ödəniş edə bilməzdilər, dəyişiklikdən sonra isə ilkin ödəniş 10%-dən az olmamaq şərtilə müştərinin istəyindən asılı olaraq dəyişə bilər.

 

İpoteka kreditləri ilə bağlı tələblər dəyişdi

Nazirlər Kabineti "İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 31 avqust .tarixli 323 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Adı çəkilən qərar ipoteka kredit ilə alınan evlərin 1 kvadratmetrinin qiyməti, eləcə də evin vəziyyəti – təmirli və ya təmirsiz olması ilə bağlı məsələəri tənzimləyir. Xatırladaq ki, əvvəlki qərara əsasən, ipoteka kreditləri ilə yalnız o evləri almaq olardı ki, onların 1 kvadratmetrinin qiyməti həmin ərazi üzrə orta qiymətdən artıq olmasın. Qərara edilən dəyişikliklər bu tələbi aradan qaldırıb. Daha dəqiqi, orta qiymət tələbi yalnız güzəştli ipoteka kredit ilə alınan evlərə aid olacaq. Adi ipoteka kredit ilə isə istənilən qiymətə ev almaq mümkün olacaq.

Digər dəyişiklik isə evlərin təmirli olub-olmaması ilə bağlıdır. Əvvəlki qaydaya əsasən, ipoteka kreitləri ilə yalnız təmirli evlər alına bilərdi. Bu tələb həmin mənzillərin yaşayış üçün tam yararlı olması və alıcıların işinin yüngülləşdirilməsi məqsədi daşıyırdı. İndi isə məlum olur ki, əvvəla təmirli olması evlərin qiymətini artırır, halbuki alıcı həmin ev başqa formada təmir etdirmək istəyə bilər. Bundan başqa, təmirli olması tələbi ipoteka kredit ilə yarımçıq tikililərdə ev alınması imkanının qarşısını alır. Buna görə də Nazirlər Kabineti öz qərarında dəyişilik edib. Nəticədə ipoteka kredit ilə alınan evlərin təmirli olması tələb olunmayacaq.