Ən yeni xəbərlər
176 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Dərin iqtisadi islahatlar ili

 

«2017-ci il Azərbaycanda dərin iqtisadi islahatlar ili oldu». Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasında bildirib.

Dövlət başçısı deyib ki, ölkədə dərin islahatların aparıldığını beynəlxalq qurumlar, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Davos Ümumdünya İqtisadi Forumu təsdiqləyib.

 İlham Əliyev bildirib ki, 2017-ci ildə ölkdə az da olsa iqtisadi artım baş verib. Qeyri-neft sektorunda artım daha byöük 2,5 faiz təşkil edib. Qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. Ötən il iqtisadiyyata 14,6 milyard dollar sərmayə qoyulub: «Bu böyük nailiyyətdir, ölkədəki sabitliyin və yerli və xarici investorların ölkəmizə vəsait qoymaqda maraqlı olmasının göstəricisidir»-deyə prezident qeyd edib. Dövlət başçısı bildirib ki, 2017-ci ildə ölkədən ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb.

Nəticədə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6,2 milyard dollar olub: Əminəm ki, gələcəkdə fərq daha da böyük olacaq. Bu, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün çox mühüm amillərdən biridir».

Görülən işlər nəticəsində ötən il Azərbaycanın valyuta ehtiyatları da 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Nəticədə adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ilkin yerlərdən birini tutur.

2017-ci ildə Azərbaycanda 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Doğrudur, keçən il ölkədə eyni zamanda 47 min iş yeri bağlanıb: «Biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir». Dövlət başçısı bildirib ki, ötən il görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanıb. Bunun kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına böyük dəstəyi olacaq.Bu il daha 100 min hektar yeni sahənin suvarılmasına başlanacaq: «Layihələr demək olar ki, təsdiqlənib, yeni kanallar çəkiləcək».

Qarşıdakı illə bağlı tapşırıqlarını səsləndirən prezident bildirib ki, 2018-ci ildə sabitlik olacaq, iqtisadiyyatda ötən il başlanan müsbət meyllər bu il də davam edəcək.

Dövlət başçısının əsas tapşırıqlarından biri xarici borcun azalması ilə bağlı olub: «Əsas vəzifə ondan ibarətdir ki, biz o qədər də vacib olmayan layihələrə xarici borc götürməyək. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil».

Prezident bildirib ki, sahibkarlara güzəştli kreditlər davam edəcək – 2018-ci ildə 170 milyon manat nəzərdə tutulub. Bu məbləğ artırıla da bilər: «Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik». İqtisadiyyatdakı əsas istiqamətlərdən olan sənaye parklarının yaradılması da davam edir.

Aqrar sektordakı vəziyyətə  toxunan dövlət başçısı bildirib ki, ötən il 18 min hektarda fındıq bağları salınıb və onların sahəsi 55 min hektara çatıb, hədəf isə 80 min hektardır. Qeyd edilib ki, fındıqçılıq həm aqrar sektorun inkişafı, həm də ixracda önəmli yer tutacaq. Hazıra ixrac məhsulları arasında birinci yeri pomidor (140 milyon dollarlıq), ikinci yeri fındıq (100 milyon dollar) tutur. Bu il ölkədə 400 hektardan böyük yeni istixanaların yaradıldığını nəzərə alanda tərəvəz ixracının aha da artacağı gözlənilir.

Prezident bildirib ki, dövlət aqrar sektorun gəlirli olmayan sahələrinə də dəstək verəcək: «Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək».

Dövlət başçısı bildirib ki, turizmin inkişafı üçün işlər bu il də davam edəcək. 2016-da Azərbaycana gələn xarici turistlər 24 faiz, 2017-ci ildə daha 20% artıb. Nəticədə ötən il ölkəmizə rekord həddə - 2,7 milyon xarici vətəndaş gəlib. Üstəlik, ötən il Azərbaycana gələn turistlər bank kartları ilə 70 faiz çox pul xərcləyiblər. Bu, turizmin ölkəyə valyuta gətirməsinin göstəricisidir.

Hökumət turizmə dəstək üçün növbəti illərdə Şahdağ xizək kurortuna və Qəbələyə dəmir yolu çəkməyi planlaşdırır. Şahdağ layihəsi Bakı-Yalama dəmir yolu ilə birləşdiriləcək. İ.Əliyev bildirib ki, Şahdağa çəkiləcək dəmir yolu sürətli olmalıdır, Amma Bakı-Yalama yolu sürətli qatar işləyə biləcək vəziyyətdə deyil. Nəticədə Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən dəmir yolu bir layihədə öz həllini tapmalıdır.

Qəbələyə dəmiryolunun çəkilməsi isə Ləki-Qəbələ dəmir yolunun tikintisi yolu ilə mümkün olacaq: «Bu gün Qəbələ Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Əlbəttə ki, dəmir yolunun Qəbələyə çatdırılması turistlərin axınını daha da sürətləndirəcək».

Dövlət başçısı bildirib ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti üçün çox önəmli il olacaq. Eyni zamanda Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işlər görülüb: «Biz bu yolla daşımaq üçün böyük yüklər gözləyirik. Ona görə də, mövcud dəmir yolu daha yaxşı vəziyyətə gətirilməli, sürət artmalıdır». Bu məqsədlə Azərbaycan Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən yenidən qurulması və təmirinə başlayacaq. Bakı-Astara dəmir yolunun dənizə yaxın olan hissəsi isə köçürüləcək. Bu həm dəmiryolunun etibarlı olmasına, həm də dəniz kənarında turizm üçün əlverişli ərazilərin boşalmasına imkan verəcək.

Bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir.