Ən yeni xəbərlər
259 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

Sosial mənzillər əmlak bazarını necə dəyişəcək?

 

Yaxın günlərdə müstəqil Azərbaycanın tarixində ən mühüm sosial layihələrdən birinə start veriləcək. Azərbaycanda mənzilə ehtiyacı olan aztəminatlı əhaliyə güzəştli şərtlərlə mənzil satışı başlanacaq. Dövlət başçısının təşəbbüsü və tapşırıqları ilə Bakının iki ərazisində – Yasamalda və Hövsan ərazisində güzəştli mənzillər inşa edilməkdədir. Yaxın vaxtlarda onların hədəf qruplarına satışı reallaşdırılacaq. Bununla da ölkədə uzun müddətdən bəri mənzil problemini həll edə bilməyən ailələr öz arzularına çatacaqlar. Əslində bu, Azərbaycanda hökumətin əhaliyə mənzil dəstəyinin ilk nümunəsi deyil. İndiyədək də dövlət bəzi təbəqələrdən olan ailələrinin mənzil almasına dəstək olub. Qısaca bu layihələri xatırlayaq.

İş yerindən verilən mənzillər

Azərbaycanda işçilərin çalışdıqları müəssisələrdə mənzil növbəsinə dayanaraq ev alması prosesi hələ sovet dövründən başlayıb və demək olar ki, dayanmayıb. Bunlardan ən bariz nümunə Dövlət Neft Şirkəti – SOCAR-dır. İndiyədək neft nəhənginin minlərlə işçisi iş yerindən növbəyə dayanaraq ehtiyacı olduğu mənzillər alıblar. Mənzil verilməsi ilə bağlı qaydalar və şərtlər bir qədər dəyişsə də, bu, hazırda ölkədə ən güzəştli  şərtlərlə mənzil almaq sxemlərindən biri sayılır.

SOCAR-la yanaşı, müdafiə, daxili işlər və fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər oxşar qurumlar da öz stajlı əməkdaşlarını pulsuz mənzillərlə təmin edirlər. Belə layihələr çərçivəsində indiyədək minlərlə hərbi qulluqçu və mülki əməkdaş mənzil ala bilib. Nəticədə indiyədək müxtəlif təşkilatarda çalışan 10 minlərlə ailə iş yerindən güzəştli mənzillərlə təmin edilib.

 Qaçqınlar və məcburi köçkünlər

Azərbaycanın müstəqilliyin elə ilk illərində qarşılaşdığı ağır sosial problemlərdən biri də məcburi köçkünlərin yerlşdirilməsi ilə bağlı oldu. Hökumət bu problemin həlli ilə 2001-ci ildən – Neft Fonduna vəsaitlər toplananda məşğul olmağa başladı. Bunun üçün ölkənin bölgələrində və Bakı şəhərində məcburi köçkünlər üçün şəhərciklər inşa edildi, hazır binalardan mənzillər alındı və s. Rəsmi məlumatlara görə, indiyədək Azərbaycanda məcburi köçkünlər üçün 97 şəhərcik salınıb, 53 min ailə - 260 min nəfərə yaxın qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb. Hazırda uköçkünlər üçün mənzillərin tikintisi həm Bakıda və Sumqayıtda, həm də regionlarda davam edir.

 Güzəştli ipoteka kreditləri

Aztəminatlı və mənzilə ehtiyac olan ailələrin mənillə təminatı üçün atılan ən mühüm və sistemli addımlardan biri güzəştli ipoteka kreditlərinə başlaniası oldu. 2006-cı ildən etibarən başlanan ipoteka kretləşməsi çərçivəsində aztəminatlı və xüsusi kateqoriyadan olan aillər üzəştli kreitlər də götürə bilərdilər. Bu kreditlərin illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, ilkin ödənişi isə 10% təşkil edir. İpoteka və Zəmanət Fondunun açıqlamasına görə,

TƏkcə 2017-ci ildə 3109 ipoteka krediti verilib ki, bunun da 1176-sı güzəştli olub. Ümumilikdə 2006-cı ildən indiyədək ümumi məbləği 944 milyon manat olan 21300 ipoteka krediti verilib. Onlardan məbləği 280 milyon manat olan 6238 kredit güzəştli olub.

 Jurnalistlər üçün evlər

Peşə mənsubiyyəti ilə bağlı mənzil dəstəyini görən qruplardan biri də jurnalistlərdir. Dövlət başçısının  təşəbbüsü və birbaşa tapşırıqları ilə həyata keçirilən layihə nəicəsində 2013-cü ildə 155 nəfər, 2017-ci ildə isə 255 nəfər mənzilə ehtiyac olan və mətbuatın inkişafında xidmətlər göstərmiş jurnalist ailəsi mənzillə təmin edilib. Hazırda jurnalistlər üçün 3-cü bina tikilir və buradakı 255 yeni mənzil də jurnalistlərə evriləcək.

 Həm əhali, həm də iş adamları üçün fürsət

İndi isə yuxarıda sadalanan mənzil təminatı imkanlarına daha biri əlavə edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial mənzillərin tikintisi başlanıb. Özü də bu tədbir daha əhatəli və iqtisadiyyat üçün daha faydalıdır. Belə ki, sosial mənzillər əhalinin kasıb təbəqəsini sərfəli qiymətlərlə mənzillə təmin etməklə yanaşı, həm də tikinti sektorunun və inşaat materialları sənayesini inkişaf etdirməyə, yeni işi yerlərinin açılmasına imkan verəcək. Amma əvvəlcə sosial evlər layihəsi ilə tanış olaq.

 Yasamal kompleksi

Bakıda sosial evlərin ilk kompleksi Yasamal rayonu ərazisində, dairəvi avtomobil yolunun kənarında yerləşən 11,6 hektar ərazisi olan Yasamal Yaşayış Kompleksində 29 çoxmənzilli yaşayış binası olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Kompleksdə mənzillər 1-2-3 otaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir. Mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq. Kompleksdə məktəb, uşaq bağçası, ticarət mərkəzi və s. də olacaq. Şəhərin 5 ərazisindən - «Elmlər Akademiyası» və «Gənclik» metrostansyaları, 4-cü mikrorayon, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin “Sədərək” ticarət mərkəzindən buraya avtobuslar işləyəcək.

 Evin hansı materialdan tikildiyi də bilinir

Yasamal kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az internet səhifəsində informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq mümkündür. Səhifəyə daxil olanlar Yasamal Yaşayış Kompleksinin baş planı, hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri ilə tanış ola biləcəklər. Bu internet səhifəsi vasitəsilə kompleksin layihə xüsusiyyətləri, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, tikinti və təmir zamanı istifadə olunan inşaat materialları haqqında da ətraflı məlumat əldə etmək mümkündür. Saytda, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, qurumla əməkdaşlıq edən banklar və digər məlumatlar var.

 Mənzillər neçəyə satılacaq?

MİDA-nın məlumatına görə, buradakı mənzillər əhaliyə həm birdəfəlik ödənişlə, həm də güzəştli (illik 4% olmaqla) ipoteka krediti ilə satılacaq. Mənzillərin qiymətləri isə bu ərazidəki orta qiymətlən 20-25% aşağı olacaq. Nəticədə, məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. Göründüyü kimi, bu qiymətlər paytaxtda kirayəyə verilən mənzillərin qiymətindən də faktiki olaraq aşağıdır.

 Sosial mənzillərin satışı necə həyata keçiriləcək?

Sosial mənzillərə tələbatın nə qədər yüksək olduğunu demək artıqdır. Məhz bunun üçün mənzillərin satışının şəffaf aparılması məqsədilə ölkədə ilk dəfə «Güzəştli mənzil» elektron sistemi yaradılıb. Mənzilə ehtiyacı olanlar bu sistemdə qeydiyyatdan keçməlidirlər. İndiyədək 7600-dən artıq şəxsin mənzil əldə etmək hüququ təsdiqlənib. Növbəti mərhələdə Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlar «Güzəştli mənzil» sistemi vasitəsilə mənzilləri seçə biləcəklər. Sosial mənzillərin ilk sakinləri buraya yay aylarında köçəcəklər, 2019-cu ildə isə kompleksin tikintisa başa çatacaq.

 Hövsan layihəsi

Bakıda sosial mənzillərin növbəti kompleksi Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunacaq. Ötən ilin dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub.  Hövsan kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin 7-mərtəbəli 18 girişli, dördünün isə 10-mərtəbəli 1 girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Hövsan kompleksində Yasamalda olduğu kimi, geniş həyətlər, yaşıllıq zonaları, uşaq meydançaları, hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik məktəb, ticarət mərkəzi və xəstəxana olacaq.

 Əmlak bazarına sabitləşdirici siqnal

Sosial mənzil layihəsinin daya bir faydası paytaxtın daşınmaz əmlak bazarında süni qiymət artımının qarşısının alınması olacaq. Layihənin hələ başlanğıcında elan edildi ki, bu mənzillər orta bazar qiymətindən 25-30% aşağı qiymətə təqdim ediləcək. Bu isə o deməkdir ki, evə tələbatı olanlar və güzəştli mənzil almaq hüququ olanlar məhz belə mənzillərə üstünlük verəcəklər. Mənzil bazarında belə sərfəli alternativin yaranması əhali kimi, tikinti şirkətlərinə də ciddi siqnal olacaq. Yuxarıda deyildiyi kimi, sosial mənzillər hələlik paytaxtın iki ərazisində – Yasamal və Hövsanda inşa ediləcək. Ənənəvi olaraq Yasamal rayonu paytaxtın mənzil bazarında əsas ykrlərdən birini tutur. «MBA Group» konsaltinq şirkətinin məlumatına görə, bazarın təqribən 20-22%-i Yasamal rayonunun payına düşür. Bu mənada sosial evlərin ilk kompleksinin Yasamal ərazisində inşa edilməsi buradakı yeni tikililərin də süni qiymət artımının qarşısını  ala bilər. Nəticədə, sosial mənzil layihəsindən təkcə, bu mənzilləri alanlar deyil, qiymətlərə təsir etdiyinə görə, digər alıcılar da faydalanacaqlar.