Ən yeni xəbərlər
147 nəfər oxuyub

Aznav naviqasiya sistemi

13.03.2018

ƏMDK-nın mütəxəssisləri suallara cavab verirlər

Sual: Mən torpağımın çıxarışını itirmişəm. Onu bərpa edə bilərəmmi?

Cavab: Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış itirildikdə onun yerinə dublikat verilir. Dublikatın alınması üçün hüquq sahibi olan şəxs çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsini və daxili işlər orqanlarının müvafiq arayışını Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim etməlidir.

 

* * *

Sual: 2011-ci ildən xüsusi mülkiyyətimdə olan həyətyanı torpaq sahəsində elə həmin il ev tikmişəm. Hazırda həmin evə çıxarış almaq istəyirəm. Bunun üçün hansı sənədləri təqdim etməliyəm?

Cavab: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş, məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd həmin ev üzərində hüquqların qeydiyyata alınması üçün əsas hesab olunur.

Beləliklə, əgər qeyd etdiyiniz yaşayış evinin hündürlüyü 12 metrədəkdirsə və o, 1 yanvar 2013-cü il tarixinədək inşa olunubdursa, torpağa dair adınıza verilmiş çıxarış əsasında evə dair dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə baxıla bilər.

 

* * *

Sual: Mənzil-tikinti kooperativləri (MTK) tərəfindən inşa olunmuş binalarda yerləşən mənzillərə çıxarışın alınması üçün texniki xarakterli sənəd (texniki göstəricilərə dair texniki sənəd) də təqdim olunmalıdırmı?

Cavab: Bəli, təqdim olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq MTK tərəfindən fiziki və ya hüquqi şəxsə verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi MTK üzvlərinin ümumi yığıncağının qərarına əlavə olunmalıdır.

Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.3-cü maddəsinə görə, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır.

 

* * *

Sual: Qonşumdan etibarnamə ilə torpaq sahəsi almışam. Yalnız həmin etibarnaməni təqdim etməklə torpağa dair öz adıma reyestrdən çıxarış ala bilərəmmi?

Cavab: Xeyr, ala bilməzsiniz. Daşınmaz əmlakı (o cümlədən torpaq sahəsini) etibarnamə əsasında alan şəxs həmin sənədlə öz mülkiyyət hüququnu qeydiyyata aldıra bilməz.

Məsələ burasındadır ki, etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə uyğun olaraq bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni bir şəxs etibarnamə ilə digərinə hüquq verir ki, onu təmsil etsin. Lakin bu zaman etibarnaməni verən şəxsin əmlakı digər şəxsin mülkiyyətinə keçmir. Hətta etibarnaməni sizə vermiş şəxs bir müddətdən sonra onu ləğv edə də bilər.

Qonşunuzla sizin aranızda notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi olduğu təqdirdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması məsələsinə baxıla bilər.

 

* * *

Sual: Eşitdiyimə görə, artıq dövlət reyestrindən çıxarışı elektron qaydada əldə etmək olar. Bununla bağlı mənə daha ətraflı məlumat verə bilərsinizmi?

Cavab: Azərbaycan Respublikasının 25 aprel 2017-ci il tarixli Qanunu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət reyestrindən çıxarışın hüquq sahibi tərəfindən elektron üsulla əldə edilməsinin təmin olunmasıdır. Belə ki, çıxarış hüquq sahibinin istəyi əsasında elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilə bilər. Bundan sonra hüquq sahibi həmin portalda öz şəxsi kabinetinə daxil olaraq, çıxarışını çap edə bilər.

 

* * *

Sual: Mən yüklülük haqqında arayış (Forma 1) almaq istəyirəm. Bilmək istərdim ki, həmin arayış alındığı gündən sonra neçə gün müddətində etibarlıdır?

Cavab: Yüklülük haqqında arayışın etibarlılıq müddəti 30 gündür. Belə ki, arayış hazırlandıqdan sonra (hazırlanmanın son icra tarixindən etibarən) 1 ay müddətində ərizəçi tərəfindən götürülməzsə, ləğv edilir. Ərizəçi yeni arayış almaq üçün yenidən ərizə ilə müraciət etməlidir.

Əgər yüklülük haqqında arayış bələdiyyə torpaqlarının hərraca və ya müsabiqəyə çıxarılması üçün verilirsə, o zaman onun etibarlılıq müddəti 45 gün təşkil edir.

 

* * *

Sual: Qanunvericilik hansı mənzilləri özəlləşdirməyə yol vermir?

Cavab: Özəlləşdirilməsi qadağan olunan mənzillərin siyahısı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmişdir. Qanunun 6-cı maddəsinə əsasən, təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

 

* * *

Sual: Mənim yaşadığım mənzil dövlətin mülkiyyətindədir. Mən həmin mənzildə kirayə müqaviləsi əsasında yaşayıram. Bu mənzili ipoteka qoya bilərəmmi?

Cavab: Xeyr, qoya bilməzsiniz. “İpoteka haqqında” Qanunun 56.2-ci maddəsinə uyğun olaraq dövlət mülkiyyətində olan yaşayış evlərinin və mənzillərin ipotekasına yol verilmir.

 

* * *

Sual: Mənim mülkiyyətimdə boş torpaq sahəsi vardır. Mən həmin torpağı xarici ölkənin vətəndaşına sata bilərəmmi?

Cavab: Xeyr, sata bilməzsiniz. Çünki Azərbaycan Respublikasının Torpaq Məcəlləsi xarici ölkə vətəndaşlarının Azərbaycanda torpaq mülkiyyətçisi olmasını nəzərdə tutmur. Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə uyğun olaraq əcnəbilər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Düzdür, həmin Məcəllənin 49.4-cü maddəsində göstərilir ki, torpaq sahələri xarici hüquqi və fiziki şəxslərə vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər. Lakin bu halda da mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilməlidir.

 

* * *

Sual: Sovet dövrü inşa olunmuş binada yerləşən dövlət mənzilini özəlləşdirmək üçün hansı sənədlər tələb olunur?

Cavab: Sözügedən mənzili özəlləşdirmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • 2009-cu il oktyabrın 1-dək verilmiş mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam (bu sənədlərdən hər hansı biri);
  • mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);
  • mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi.

 

* * *

Sual: Mənim mülkiyyətimdə torpaq sahəsi vardır. Dövlət reyestrindən çıxarışda torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu görünür. Mən həmin torpaq sahəsində yaşayış evi tikə bilərəmmi?

Cavab: Xeyr, tikə bilməzsiniz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

Göründüyü kimi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evinin tikilməsi nəzərdə tutulmamışdır.