Ən yeni xəbərlər
177 nəfər oxuyub

Aznav naviqasiya sistemi

06.03.2018

İspaniya kəndlərində yaşayan tapılmır

İspaniyanın Kataloniya vilayətində kəndlərdəki əhalinin sürətlə azalması yerli hökumət üçün problemə çevrilib. Yerli hakimiyyət kəndlərə yeni sakinləri cəlb etmək üçün maliyyə dəstəyi də təklif edirlər.  Əhalinin ən çox azalması Pauls, Qarsiya və Prat-de-Komte kəndlərindədir. Əksər hallarda kəndin gənc sakinləri buradan yaxşı iş axtarmaq üçün gedirlər. Çünki yerli müəssisələr bağlanır. Yerli mətbuat bildirir ki, belə davm edərsə, həmin ərazilərdə inzibati və sosial obyektlər, o cümlədən məktəblər də işini dayandırmalı olacaq.

Bu gün Pauls kəndində cəmi 570 nəfər yaşayır, 50 il əvvəl isə bu rəqəm iki dəfə artıq idi. Hazırda əhalinin üçdə biri yaşı 50-dən yuxarı olanlardır. Yerli hökumət kəndə köçənlərə maddi yardım verməyə hazırdır, bir şərtlə ki, onların yaşı 40-dan aşağı olsun. Yardım isə az deyil – yeni evin tikintisi xərclərinin 75%-i və 3 min avro nağd pul.

Əhalisinin sayı cəmi 200 nəfər olan Prat-de-Kompte kəndində isə belə proqramı iki il əvvəl tətbiq edi blər. Həvəsləndirici tədbir kimi, buraya köçənlər işlə təmin edilirdi. Doğrudur, bu tədbirlər nəticəsində kəndə cəmi 4 nəfər köçdü, əvəzində, onların hesabına yerli məktəbi bağlanmaqdan qorumaq mümkün oldu.

Qarsiya kəndində isə əhalinin sayı 2017-ci ildə daha 31 nəfər azalıb. İndi burada 561 nəfər yaşayır, onların da üçdə biri 56 yaşdan böyük olanlardır. Buraya köçənlərin üzləşdiyi əsas problemlər yolların pis olması, eləcə də internet və mobil rabitənin keyfiyyətinin aşağı olmasıdır. Nəticədə yerli  hökumət əsas diqqətini sakit şəraitdə yaşayıb işləmək istəyənlərə, eləcə də məsafədən işləməyə üstünlük verən ailələrə önəldib.